ABŞ-ın texnologiya şirkətləri "Alphabet" və "Microsoft"un bu ilin üçüncü rübündə gəlirləri gözləntiləri üstələyib. Belə ki, "Alphabet"in üçüncü rübdə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 41% artaraq 65,1 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə 46,2 milyard dollar gəlir əldə edib."Alphabet"in gəlirlərinin artmasına səbəb iqtisadi canlanma ilə birlikdə reklam satışlarının və "Google" axtarış trafikinin artması olub.
"Margin.az" "Bloomberg"ə istinadən xəbər verir ki, şirkət son 14 ildə ən yüksək rüblük gəlir artımını qeyd edib.
"Alphabet"in üçüncü rübdə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 68,4% artaraq 18,9 milyard dollara yüksəlib. "Alphabet" ötən ilin üçüncü rübündə 11,2 milyard dollar xalis mənfəət əldə edib.
Hesabat dövründə, "Microsoft"un gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 22% artaraq 45,3 milyard dollara çatıb. "Microsoft" ötən ilin iyul-sentyabr dövründə 37,2 milyard dollar gəlir əldə edib. Beləliklə, "Microsoft"un gəliri 2018-ci ildən bəri ən sürətli artımını yaşayıb. Şirkətin xalis mənfəəti də eyni dövrdə 48% artaraq 20,5 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 13,9 milyard dollar olub. "Microsoft"un səhm üzrə qazancı 1,82 dollardan 2,71 dollara yüksəlib.