Qazaxıstanın "Kaşaqan" yatağından hasil edilən neftin Xəzər dənizi ilə Aktau-Bakı marşrutu üzrə ilk dəfə nəqlinə başlanılıb.
"Margin.az" xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) məlumat yayıb.
Yeni marşrutla neftin daşınması "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin Dəniz Nəqliyyatı Donanmasına məxsus "Akademik Xoşbəxt Yusifzadə" tankeri ilə həyata keçirilib.
İlk partiyada tankerin anbarlarına ümumilikdə 6 900 ton xam neft yüklənib. Qazaxıstanın Aktau limanından yola düşən tanker nefti Azərbaycanın "Səngəçal" terminalına çatdıracaq.
Əlavə edək ki, 2022-ci ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara qəbul edilən "Akademik Xoşbəxt Yusifzadə" tankerinin ümumi yükgötürmə qabiliyyəti 7 800 tondur. Bu tankerlə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür.