Avropa İttifaqının borcu 13 trilyon avronu ötüb

Avropa İttifaqının borcu 13 trilyon avronu ötüb
24 Yanvar-16:50

Avropa İttifaqının (Aİ) ötən ilin üçüncü rübündə ümumi dövlət borcu 13 trilyon avronu ötüb.

"Margin.az" xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) məlumat açıqlayıb.

Məlumata görə, ümumi dövlət borcu Avrozonada 12 trilyon 152 milyard avroya, Aİ-də isə 13 trilyon 180 milyard avroya çatıb.

Avrozonada ötən ilin üçüncü rübündə dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) nisbəti 93% təşkil edib. Hesabat dövründə Avropa İttifaqında dövlət borcunun ÜDM-ə nisbəti 85,1% olaraq müəyyən edilib.

Yunanıstan, İtaliya, Portuqaliya, İspaniya, Fransa və Belçika dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək olan ölkələr olaraq müəyyən edilib. Aİ-yə üzv ölkələr arasında ötən ilin üçüncü rübündə dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək olan ölkə 178,2% ilə Yunanıstan olub. Yunanıstanı 147,3%-lə İtaliya, 120,1%-lə Portuqaliya, 115,6%-lə İspaniya, 113,4%-lə Fransa və 106,3%-lə Belçika izləyib. Sözügedən dövrdə dövlət borcunun ÜDM-ə nisbəti ən aşağı olan ölkələr 15,8% ilə Estoniya, 23,1% ilə Bolqarıstan və 24,6% ilə Lüksemburq olub.