Azad iqtisadi zonalar Azərbaycana nə qazandıracaq?

Azad iqtisadi zonalar Azərbaycana nə qazandıracaq?
24 Yanvar-16:17

Azərbaycanda azad iqtisadi zonaların yaradılması prosesi sürətlənib. Azad iqtisadi zonalar xarici ticarət strategiyasının əsaslarından birini təşkil edir. Belə ki, azad iqtisadi zonalar kapitalın ölkə iqtisadiyyatına cəlb olunması ilə yanaşı, ixracın həm çeşidini, həm də coğrafiyasını genişləndirməyə imkan yaradır. Azərbaycanda ilk dəfə Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zona 2020-ci ildə yaradılıb.

Bəs İqtisadi Zonaların artırılması Azərbaycana, ölkə iqtisadiyyatına daha nələr qazandıracaq? 

"Azad İqtisadi Zona dedikdə ölkənin bir ərazisinin xüsusi şərtlərlə ayrılması, həmin bölgənin ölkənin gömrük ərazisindən kənarda olan bir zona kimi ələ alınması başa düşülür. Həmin bu zonada xüsusi qaydalar, imtiyazlar, güzəştlər tətbiq olunur. Burada vergi güzəştləri, vergidən azadolma, gömrük rüsumlarının ödənilməməsi, zona daxilində səlahiyyətli orqana lisenziya vermə hüququnun verilməsi və s. kimi xüsusi qanunvericilik tətbiq edilir".

Bunu "Margin.az"a açıqlamasında Bakı Ali Neft Məktəbi (BANM) Biznesin idarə edilməsi kafedrasının müdiri Altay İsmayılov deyib. 

Onun sözlərinə görə, Azərbaycanda 2020-ci ilin may ayında Ələt İqtisadi Zonasının təməli qoyulub. Bununla əlaqədar qanuna görə, hüquqi şəxslər öz fəaliyyətləri ilə bağlı həmin zonada vergidən azaddırlar. Buraya gətirilən və buradan aparılan mal və nəqliyyat vasitələrinə görə ödənilən gömrük yığımlarından başqa digər gömrük ödənişlərindən, gömrük rüsumlarından azaddırlar. Zona daxilindəki digər bir üstünlük ondan ibarətdir ki, vergi yoxlamaları zamanı vergi orqanları həmin hüquqi şəxslərlə deyil, iqtisadi zonanın səlahiyyətli qurumları vasitəsilə məlumatları əldə edə bilirlər. Hüquqi şəxslər burada əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xarici ölkələrə köçürə bilirlər".

A. İsmayılov bildirib ki, zonada hüquqi şəxslərin vergidən azad edilməsi bir üstünlükdür: "Yəni bu, həm yerli, həm xarici şirkətlər, eyni zamanda transmilli şirkətlər üçün də cəlbedicidir. Bu şirkətlərin cəlbi burada istehsal olunan məhsulların daha innovativ, daha rəqabət qabiliyyətli, daha elm tutumlu olmasına gətirib çıxara bilər. Zona eyni zamanda Azərbaycanda idxalı əvəzedici məhsulların istehsalı, xüsusilə qeyri-neft sahəsində ixracın artırılması üçün bir fürsət ola bilər. İqtisadi üstünlüklərlə yanaşı zonanın sosial həyata təsir baxımından üstünlükləri də var. Belə ki, yeni iş yerlərinin açılması məsələsi gündəmə gələcək. Bu zonaya cəlb ediləcək texnologiyalar innovativ metodlardan dolayı texnoloji səviyyəyə müsbət təsir göstərəcək. İqtisadi Zonanın Ələt limanına yaxın olması yeni perspektivlər yaradacaq. Bu limanın imkanlarından istifadə etməklə həm yükdaşımaların artmasına, həm də ixracın artmasına stimul verə bilər".

Əlavə edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel iclasında bildirib ki, tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası açılacaq. Prezidentin sözlərinə görə, həmin azad ticarət zonası istehsalat və şirkətlər üçün sərmayə qoyuluşu baxımından münasib məkan olacaq.