Azərbaycan Avropaya nə qədər qaz satıb?

Azərbaycan Avropaya nə qədər qaz satıb?
22 Sentyabr-16:09

İki ildən az bir vaxtda Avropa 16 milyard kubmetrdən çox qazla təchiz edilib.

"Margin.az" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Gələcəyə körpü" devizi altında keçirilən 5-ci Rumıniya Beynəlxalq Qaz Konfrasında çıxışı zamanı deyib.

P. Şahbazov Rumıniyanın Baş naziri Nikolay Siukanın iştirakı ilə keçirilən nazirlər iclasında, həmçinin "Vizyondan reallığa" adlı nazirlər panelində çıxış edib.

Nazir enerji böhranının aradan qaldırılması üçün enerji bazarlarını balanslaşdıracaq şaxələnləndirilmiş tədarük mənbələrinin təchizi istiqamətində Azərbaycanın töhfələrindən bəhs edib: "Avropaya qaz təchizatı 2022-ci ilin sonuna 40% artımla 8,2 milyard kubmetrdən 11,5 milyard kubmetrə yüksələcək. Bu isə Cənub Qaz Dəhlizinin maksimum güclə işləməsinin, təchizatda fasiləsizlik və sabitliyin təsdiqidir. Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyindəki bugünkü rolu Azərbaycan Prezidenti İlham Əliyevin vizyonunun real ifadəsidir".

Nazir enerji təhlükəsizliyinin təminatında növbəti addım olaraq 5 il ərzində Cənub Qaz Dəhlizinin genişləndirilməsini qeyd edib: "Təbii qaz ixracının iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması üçün boru kəmərlərinin ötürücülük gücünün və hasilatın artırılmasına investisiyalar yatırılmalı, müqavilələr imzalanmalı və texniki tədbirlər görülməlidir. Bu layihənin sürətlə gerçəkləşdirilməsi bizim ümumi marağımızdır".