Azərbaycan buğda idxalından asılığı tamamilə azalda bilərmi?

Azərbaycan buğda idxalından asılığı tamamilə azalda bilərmi?
03 Avqust-13:51

Azərbaycana bu ilin birinci yarısında 142.9 milyon dollar dəyərində 400.7 min ton buğda idxal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 40.1% çoxdur. Buğda idxalının həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.2% azalıb. Azərbaycan buğda idxalından nə qədər asılıdır?  Ölkə buğda idxalını tamamilə azalda bilərmi?

Mövzu ilə bağlı "Margin.az"a iqtisadçı Cəbrayıl Vəliyev açıqlamasında bildirib ki, Azərbaycanda illik buğda tələbatı hazırda 3.2 milyon tondur və bu tələbat artır: "Azərbaycanın taxıl istehsalı 1.9 milyon ton civarındadır. Yəni, tələbatın 59%-i yerli istehsal hesabına qarşılanır. İdxalın payı isə 40%-dən çoxdur, lakin bəzi illərdə quraqlıq olması səbəbilə məhsuldarlıq  və istehsal azaldığı üçün idxalın payı artır".

İqtisadçının sözlərinə görə, ölkədə  buğda üçün əkin sahəsi təqribən 650 min hektardır və orta məhsuldarlıq 1 hektar üçün 31-32 sentnerdir:

"Bəzi sezonlarda bu rəqəm bir qədər yüksək olsa da, bu, elə də yüksək göstərici deyil. Buğda əkin sahəsini ekstensiv artırmaq da hələki imkansızdır, çünki ölkəmizdə buğda əkini üçün yararlı torpaq sahələri məhduddur.

İşğaldan azad olunmuş ərazilərin hesabına taxıl əkin sahəsini və buğda istehsalını 14-15% artırmaq mümkündür. Bunun hesabına idxalın müəyyən hissəsini əvəz etmək mümkün olacaq".

Cəbrayıl Vəliyev idxalın tamamilə yerli istehsalla əvəz olunmasının qısa müddətdə mümkün olmadığını bildirib:

"Orta və uzun müddətdə əkinə yararlı torpaq sahələrinin müxtəlif istifadəsiz torpaq fondlarının hesabına artırılması və istehsalda intensivliyin, məhsuldarlığın artırılması əsas hədəflər olmalıdır. Bunun üçün xüsusilə düzgün toxum seçimi, suvarma sistemləri infrastrukturunun yaradılması və yenilənməsi ilə məhsuldarlıq göstəricilərinin artırılması vacibdir. Bu addımlar atılarsa idxaldan asılılığı tam olmasa da, yenə müəyyən qədər azaltmaq mümkündür".