Azərbaycan Burkina Fasoya 100 min doza peyvənd ianə edib

Azərbaycan Burkina Fasoya 100 min doza peyvənd ianə edib
07 Dekabr-18:56

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin (AIDA) əlaqələndirməsi ilə 6 dekabr 2021-ci il tarixində Azərbaycanın ianə etdiyi 100.000 doza Sinovac peyvəndi Burkina Fasoya çatdırılıb.

"Margin.az" XİN-ə istinadən xəbər verir ki, Afrika dövlətlərinin COVID-19 ilə mübarizəsinə Türk Dövlətləri Təşkilatı çərçivəsində dəstək göstərilməsi məqsədilə cari ilin sentyabr ayında irəli sürülən təşəbbüs təşkilatın sədri qismində Azərbaycan tərəfindən tam dəstəklənib və ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişi ilə yardım məqsədilə 100.000 doza peyvənd təşkilatın İstanbulda keçirilən Sammitindən bir neçə gün öncə İstanbula çatdırılıb.

Təşəbbüsə dəstək olaraq, Azərbaycanla yanaşı Türkiyə 200.000, Özbəkistan 100.000 və Macarıstan 211.200 doza peyvənd ianə edib. Macarıstan tərəfindən Toqoya ianə edilən peyvəndlər də daxil olmaqla, ümumilikdə 611.200 doza peyvənd Türkiyə tərəfinin lojistik dəstəyi ilə dünən qeyd olunan Afrika dövlətlərinə təhvil verilib.

Qlobal səviyyədə COVID-19 ilə mübarizədə Azərbaycanın fəal rolu və ehtiyacı olan ölkələrə dəstəyinin nümunəsi olan bu töhfə, xalqımızın yardımsevərlik ənənələri əsasında cənab Prezident İlham Əliyev tərəfindən atılan növbəti humanist addımdır.