Azərbaycan Çindən alüminium sənayesi üçün xammal idxal edib

Azərbaycan Çindən alüminium sənayesi üçün xammal idxal edib
23 İyun-09:42

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəməsi “ADY Konteyner” MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəməsi “Azəralüminium” MMC-nin sifarişi əsasında Çindən Azərbaycana alüminium sənayesinin strateji xammalı olan bişirilmiş karbon anod bloklarının idxalını həyata keçirib.

“Margin.az” xəbər verir ki, bu barədə “ADY Konteyner” məlumat yayıb.

Məlumata görə, Qujing - Gəncə marşrutu üzrə hərəkət edən qatarda yüklər hər biri 40 futluq olmaqla 50 konteynerdə daşınıb. Qatar Qazaxıstanın Aktau limanına çatdıqdan sonra konteynerlər “Barıs” fider gəmisinə yüklənərək Bakı limanına gətirilib, oradan qatarla Gəncə Alüminium Zavoduna yola salınıb.

Layihə “ADY Konteyner” və “Azəralüminium” şirkətləri arasında imzalanmış birgə yükdaşımalar haqqında memoranduma uyğun olaraq həyata keçirilir.

Ölkədə qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rolu olan “Azəralüminium” bu il 30 min ton bişirilmiş karbon anod blokları tədarük edəcək. Bu günə qədər "ADY Konteyner və “Azəraliminium” şirkətləri arasında əməkdaşlıq çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyədən Azərbaycana 400 konteyner idxal edilib. Tərəflər əməkdaşlığı daha da genişləndirməyi hədəfləyir.