Azərbaycan və Serbiya arasında viza prosedurları asanlaşdırıla bilər

Azərbaycan və Serbiya arasında viza prosedurları asanlaşdırıla bilər
17 Sentyabr-16:47

Azərbaycan Turizm Bürosu və Serbiya Milli Turizm Təşkilatı arasında sentyabrın 17-də keçirilən onlayn görüşdə iki ölkə arasında yeni əməkdaşlıq imkanları və turizm əlaqələrinin genişləndirilməsi  müzakirə olunub.

"Margin.az" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə çıxış edən ATB-nin Baş icraçı direktoru Florian Zenqstşmid pandemiya dövründə həyata keçirilmiş layihələr haqqında məlumat verib.

Florian Zenqstşmid Serbiya ilə turizm əlaqələrinin inkişafının turist səfərlərinin artması ilə yanaşı, qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının da genişlənməsinə öz töhfəsini verdiyini söyləyib. 

O qeyd edib ki, Serbiya epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edilməsi ilə əlaqədar səfər məhdudiyyətlərinin aradan qaldırıldığı 42 ölkədən biridir.

Serbiyanın Milli Turizm Təşkilatının Baş icraçı direktoru Mariya Laboviç pandemiya səbəbindən Serbiya turizmi üçün ən uğurlu illərdən biri olan 2019-cu illə müqayisədə hazırda durğunluq dövrü yaşandığını bildirib.

O, postpandemiya dövründə əməkdaşlığın davamı olaraq viza prosedurlarının asanlaşdırılması və birbaşa aviauçuşların təmin edilməsinin qarşılıqlı səfərlərin artma dinamikasına müsbət təsir göstərəcək əsas amillərdən olduğunu vurğulayıb.

Görüşdə tərəflər arasında beynəlxlaq tanıtım platformalarında birgə fəaliyyət, marketinq sahəsində məlumat və təcrübə mübadiləsinin aparılması, sağlamlıq turizmi üzrə birgə layihələrin həyata keçirilməsi, regional və beynəlxalq səviyyəli işgüzar tədbirlərə ev sahibliyi etmək üzrə əməkdaşlıq kimi məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində, həmçinin Avropa Mədəni Marşrutlar İnstitutu üzrə sənaye irsi və yəhudi irsi kimi ortaq turizm marşrutlarının birlikdə təqdim edilməsi barəsində müzakirələr aparılıb.

Əlavə edək ki, sentyabrın 8-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Serbiya Respublikasının Azərbaycandakı səfiri Draqan Vladisavlyeviç arasında keçirilən görüşün davamı olaraq müvafiq strukturlara əməkdaşlıq imkanlarının araşdırılması haqqında tapşırıq verilib.