Azərbaycanda biznesin inkişafı üçün hansı addımlar atılmalıdır?

Azərbaycanda biznesin inkişafı üçün hansı addımlar atılmalıdır?
22 Sentyabr-12:30

Azərbaycanda özəl sektora dövlət dəstəyi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1 732 sahibkara 72,1 milyon manat, o cümlədən 1 725 kiçik və orta həcmli layihəyə 53,4 milyon manat güzəştli kredit verilib. Ölkədə fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də sahibkarlığın inkişafı istiqamətində bu ilin birinci yarısında biznes fəaliyyətinə başlamaq istəyən 8 mindən çox şəxsə təlim keçib. Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasın"da da qeyd edilib ki, bu müddət ərzində özəl sektorun iqtisadiyyatda payı 88%-ə çatdırılacaq.

Bunlardan başqa Azərbaycanda özəl sektorun inkişafı üçün hansı tədbirlər görülür? Ölkədə sahibkarlıq subyektlərinin inkişafı üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı iqtsiadçı Elşad Məmmədov "Margin.az"a bildirib ki, Azərbaycanda özəl sektorun, işgüzar fəallığın, iqtisadi aktivliyin artırılması üçün ilk növbədə strateji planlaşdırmaya söykənən bir iqtisadi idarəetmə siyasətinin həyata keçirilməsinə ehtiyac var:

"Yəni, dövlət elmi cəhətdən biznes prosseslərinin düzgün, effektiv, adekvat planlaşdırılmasını makro səviyyədə həyata keçirməlidir. Biznesin, ölkə iqtisadiyyatının inkişafı üçün əsas inkişaf istiqamətlərini müəyyən etməlidir.

İqtisadi fəaliyyətlə məşğul olan insanlara müvafiq maliyyə infrastrukturunun, kommunikasiyaların təqdim edilməsini reallaşdırmalıdır. Çünki maliyyə resurslarına çıxış investisiyaların əsas yaranma mənbəyidir. Bunsuz, iqtisadi fəaliyyəti reallaşdırmaq mümkün deyil".

İqtisadçının sözlərinə görə, digər tərəfdən müvafiq kommunikasiyalara çıxış olmalıdır: "Bir də dövlət onun qaydalarını uzunmüddətli perspektiv üçün müəyyən etməlidir. Burada həm pul kredit, həm valyuta ilə bağlı olan məsələlər var ki, biznes üçün hər hansısa gözlənilməyən vəziyyət olmasın. Eyni zamanda, uzunmüddətli mühüm iqtisadi parametrlə bağlı hökumətin hədəfləri müəyyən edilməlidir. Yəni, inflyasiya hansı səviyyədə olsun, iqtisadi artımla bağlı hansı gözləntilər var, hansı bölgələrə invenstisiyaların yerləşdirilməsi məqsədəuyğundur və s. kimi. Bütün bu ana xətt dövlət tərəfindən müəyyən edilməlidir. Buna əsaslanaraq biznesə daha alt təbəqərdə indikativ olaraq planlaşdırma tələb olunur. Dövlətin təmin edəcəyi sahələrdə işlərin uyğun şəkildə həyata keçirildiyi təqdirdə biznes üçün artıq öz fəaliyyətini qurmaqda problem yaşanmamalıdır. Biznesə rəqabət mühiti yaradılmalıdır".

Elşad Məmmədov hesab edir ki, bütün bunlara görə, özəl sektorun, biznesin inkişafında dövlətin rolu olmalıdır, kənarda qalmamalıdır: "Dövlət öz effektiv iqtisadi siyasəti ilə biznesin inkişafı üçün müvafiq şərait yartmalıdır ki, ölkədə daxili özəl invenstisiyalar institutu yaradılsın. Biznesin özü investisiyaları generasiya etsin və iqtisadi fəaliyyəti stimullaşdırsın. Düşünürəm ki, hər il ölkə iqtisadiyyatına kapital qoyuluşlarının həcmi ən azı 15% artmalıdır. Bütün bunlarsız dayanıqlı və qabaqlayıcı iqtisadi inkişafa nail olmaq çox çətindir".