Azərbaycanda çörəyin ucuzlaşması hansı səbəblərlə bağlıdır? 

Azərbaycanda çörəyin ucuzlaşması hansı səbəblərlə bağlıdır? 
15 Mart-12:40

Azərbaycanda iri pərakəndə ticarət şəbəkələrində çörəyin qiymətində enmə müşahidə edilir. Belə ki, mart ayının 11-dən etibarən bir sıra ticarət şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə enib. 

Bəs çörəyin ucuzlaşması hansı səbəblərlə bağlıdır? 

"Margin.az" bununla bağlı iqtisadçı-ekspertlərin fikrini öyrənib. 

İqtisadçı Eldəniz Əmirov bildirib ki, dünya bazarlarında və Azərbaycanda baş verən qiymət artımları müxtəlif məhsul növlərindən asılı olaraq müəyyən gecikmələrdə (artım və azalmalarla) müşahidə olunur: "Məsələn buğda qiymətləri 2022-ci ilin may ayının əvvəlində son 20 ilin rekord həddinə çatıb. Amma həmin dövrdə Azərbaycanda çörəyin qiymətində heç bir artım olmadı. Ancaq bir neçə ay sonra çörəyin və unun qiymətində artımlar müşahidə edildi.

Eynilə buğdanın qiymətində ötən ilin yanvar ayı ilə bu ilin yanvar ayında böyük miqdarda azalma müşahidə edilib. Bu, 1 tona görə təxminən 42 dollar azalmadır. Yəni, ötən ilin yanvarında bu qiymət 346 dollar, bu il isə 304 dollar dəyərində olub. Çörəyin qiymətində azalma isə son günlərdə müşahidə edilir". 

Ekspertin sözlərinə görə, dünya bazarlarında buğdanın ucuzlaşması ilə Azərbaycanda satılan çörəyin qiymətinin ucuzlaşması arasında zaman fərqi var: "Yəni, dünya bazarında qiyməti formalaşan buğda bir neçə gün ərzində hazır çörək məhsuluna çevrilmir. Buğda strateji məhsul olduğundan onun ehtiyatları bir neçə ay öncədən formalaşır. Bu ehtiyatlar azaldıqca idxal edilir və ehtiyat bərpa edilir. Başqa sözlə desək, bugünki çörəyin ucuzlaşması bir neçə ay öncədən ucuzlaşan buğdanın qiyməti ilə əlaqədardır. Dünyadakı buğda qiyməti və Azərbaycandakı çörəyin qiyməti arasındakı fərq 2-3 ay hətta 4 ay fərqlə müşaiət edilir. Yəni, bu gün çörəyin qiyməti 65 qəpiyə düşübsə, sabah buğdanın qiyməti bahalaşsa, bizdə dərhal çörəyin qiyməti bahalaşmayacaq. Bizdə bu prosses 2-3 ay sonra müşahidə ediləcək. Buğdanın qiymətinin artımı çörəyin qiymətində bir neçə ay sonra müşahidə edilir".

İqtisadçı Rauf Qarayev mövzu ilə bağlı izahında bildirib ki, bəzi holdinq marketləri özləri çörək bişirirlər: "Bəzi obyektlər də var ki, bir başa qazanc mənbəyi çörəkdir. Həmin obyektlər yalnız çörəkdən vəsait qazanırlar. Və onların yeganə gəliri bu çörəklər olduğu üçün keyfiyyətli çörək bişirməyə çalışırlar. Burada bişirilən çörəkləri daha uzun müddət saxlamaq olur. Eyni zamanda çəki də müəyyən qədər ağır olur, dadda da az da olsa fərqlik olur. Holding marketləri tərəfindən istehsal olunan çörəklər sadəcə çeşidlə bağlı olduğundan və qazanc yalnız çörəkdən olmadığından onların bişirdikləri çörəklər bu səbələ digər obyektlərə rəqabətdə uduzurlar. Hesab etsək ki, qiyməti aşağı salmaqla onların gəlirləri o qədər də azalmır, bu baxımdan marketlər qiymətləri müvəqqəti aşağa sala bilər". 

Əlavə edək ki, cari ilin fevral ayında ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307,4 ABŞ dolları təşkil edib ki, bu da, 2022-ci ilin avqust ayı ilə müqayisədə 13% aşağıdır.