Azərbaycanda dollar bahalaşacaqmı?

Azərbaycanda dollar bahalaşacaqmı?
26 Sentyabr-14:50

İnkişaf etmiş ölkələrin Mərkəzi Banklarının yüksək inflyasiya ilə mübarizədə faiz dərəcələrini artırmağa davam edəcəkləri ilə bağlı gözləntilər fonunda ötən günlərdə dollar indeksi son 20 ilin maksimumuna - 112 səviyyəsinə çatıb.

ABŞ dolları hazırda bütün hazırda dünyada bahalaşmaqdadır. Məsələn bu gün ingilis funt sterlinqi minimum səviyyəyə 1,03 dollara enib. Dollar türk lirəsi qarşısında da 0.19% bahalaşaraq yeni rekord səviyyəyə - 18.44 lirəyə yüksəlib.

Dolların dünyada bahalaşmasınının Azərbaycana da təsiri ola bilərmi? Azərbaycanda da dollar bahalaşacaq?

Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov "Margin.az"a bildirib ki, Azərbaycanda dolların manata görə məzənnəsi inzibati yolla tənzimlənir: "Yəni, bilavasitə, xam neftin xarici bazarda satış qiymətinə bağlı olaraq müəyyən edilərək formalaşır.  Yox əgər, belə olmayıb, sərbəst üzən məzənnə rejimi fəaliyyət göstərsəydi, bəli, ABŞ valyutası dəyəri dünyanın digər aparıcı valyutalarına nəzərən bahalaşdığı təqdirdə bu, bizdə də özünü göstəcəkdi və Amerika dolları manata görə də yüksələcəkdi. Burada söhbət, valyuta bazarımızdan gedir".

İqtisadçı bildirib ki, buna görə də neftin dünya bazar qiyməti nə qədər ki, büdcədə nəzərdə tutduğumuzdan yuxarıda təşkil edir, bizdə dolların qlobal trendə uyğun olaraq bahalaşacağı gözlənilmir:

"Bəs bu, yaxşıdı, yoxsa pis? Azərbaycan hələki qeyri-neft-qaz iqtisadiyyatı ölkəsi deyil. Ona görə də valyuta bazarımızda tənzimlənmənin inzibati formada həyata keçirilməsi labüddür və daha məqsədəuyğundur. Bu, makroiqtisadi sabitlik üçün mühüm şərtdir. Sərbəst üzən məzənnə rejiminə keçəcəyimiz təqdirdə hər şey tələb təklifin nisbəti altında təşəkkül tapacaq. Buna isə hələ var.

Dolların özünün bahalaşmasına gəldikdə isə bu, ABŞ mərkəzi bankının özünün düşündüyü siyasətdir və əsas məqsəd inflyasiyanı cilovlamaqdır. Əslində isə, çox da sərfəli hal deyil".