Azərbaycanda elektromobillər əhali üçün əlçatandır?

Azərbaycanda elektromobillər əhali üçün əlçatandır?
02 Avqust-13:57

Qlobal elektromobil satışları bu ilin birinci yarısında 79% artıb. Hazırda dünyanın bəzi ölkələrində elektromobillərin alınması vergidən azaddır.

Azərbaycana idxal olunan elektromobillər də bu il yanvar ayının 1-dən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub. Bu da ölkəyə idxal olunan elektromobillərin artmasına səbəb olub. Belə ki, bu ilin birinci yarısında ölkəyə 4.3 milyon dəyərində 153 ədəd elektromobil idxal olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 117 ədəd çoxdur. Bəs ölkəmizdə bu tip avtomobillərin qiyməti vətəndaşların hamısı üçün əlçatandırmı? Kredit şərtləri necədir?

Mövzu ilə bağlı "Margin.az"a nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov açıqlamasında bildirib ki, Azərbaycanda bu gün komfortlu, müasir tələblərə cavab verən təhlükəsiz yeni avtomobillərin qiyməti vətəndaşların hamısı üçün əlçatan deyil: "2015-2016-cı illərdə manatın devalivasiyasından sonra 19 min manata satılan yeni komfortlu avtomobil bu gün 35 min manata satılır.

Ölkəmizə idxal olunan yeni elektromobillərin qiyməti də yüksəkdir. Qiymətləri balanslaşdırmaq üçün dövlət bu ilin yanvarın 1-dən etibarən belə avtomobilləri ƏDV-dən azad etdi. Bununla qiymətlər endi və hazırda ölkəmizdə ekoloji təmiz avtomobillərin qiyməti ucuzlaşıb. Bura həm hibrid, həm də elektromobilləri aid edə bilərik. Amma yenə də, yeni avtomobilləri vətəndaşlar üçün əlçatan hesab edə bilmərik".  

Ekspertin sözlərinə görə, dövlət yenə də ekoloji təmiz avtomobillərin əhaliyə əlçatan olması üçün addımlar atacaq: "Yenə də rüsumlardan azad olmalar ola bilər. Hazırda kredit şərtləri ilə də vətəndaşlarımız belə avtomobilləri almağa çətinik çəkirlər. İlkin ödəniş və illik faizlər olduqca yüksəkdir. Yüksək əməkhaqqı alan vətəndaşlarımız belə kreditlə komfortlu avtomobil ala bilmirlər.

Bu istiqamətdə düşünürəm ki, dövlət addımlar atacaq. Özəl banklarla da müəyyən işlər görüləcək ki, belə avtomobillərə verilən kredit şərtləri sadələşdirilsin və vətəndaşlarımız üçün bu növ avtomobillər əlçatan olsun".