Azərbaycanda 1 iyul 2022 – 30 iyun 2023 tarixinə qədər kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı isə 63 il müəyyən edilib. "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bir müddət əvvəl İnsan Hüquqları üzrə Müvəkkil (Ombusmanın) qadınların pensiya yaşının azaldılmasını təklif edib. Bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi"ndə öz əksini tapıb.
Ölkədə bununla bağlı bir neçə dəfə deputatlar da təklif irəli sürüblər. Bəs pensiya yaşının azaldılması ilə bağlı təkliflər reallaşa bilərmi? Hazırkı dövr üçün yaşın azaldılması ilə bağlı müsbət gözləntilər varmı?
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov "Margin.az"a bildirib ki, Azərbaycanda 2017-ci ildən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik ediləndən sonra pensiya yaşı məsələsi gündəmə gətirilən ən ciddi məsələlərdən biridir: "Dünya təcrübəsi göstərir ki, pensiya yaşının müəyyən edilməsi ilə əhalinin orta yaş həddi arasında asılılıq olmalıdır. Əhalinin orta yaşam dövrü uzandıqca pensiya yaşında müəyyən korrektələr edilib artırıla bilər.
Təcrübədə pensiya yaşına çatmış şəxslərin ən azı 14-15 il pensiya alması əsasında hesablamalar aparılır. Gözlənilən pensiya dövrü üçün orta göstərici 15 ildir. Bəzi ölkələrdə, məsələn Yaponiyada bu, 22 ilə qədər arta bilir. Hətta Avropanın bəzi ölkələrində pensiya yaşı Azərbaycanla müqayisədə aşağıdır. Bir çox ölkələrdə pensiya sistemində qadınlara güzəştlər saxlanılır".
İqtisadçı bildirib ki, əgər bugünki şərtlər daxilində məsələyə baxsaq, Azərbaycanda pensiya yaşı azaldılmalıdır: "Orta ömür təxminən 73-74 ildir. Bundan 15 il çıxdıqda pensiya yaşının 60 yaşa endirilməsi ən məqbul versiyalardan biridir. Qadınlara güzəştlər daha da artırılmalıdır. Çünki əksər hallarda ailədə maliyyə yükü qadınların üzərində qalır. Qadınların yaşlılıq dövründə tək yaşaması ehtimalı da daha çoxdur. Çünki kişilər qadınlarla müqayisədə daha tez həyatdan köçdüyü üçün qadınlar tək yaşadığından evin maliyyə yükü 1 nəfərin pensiyası hesabına ödənilməli olur. Bu baxımından qadınların pensiya yaşının azaldılması mühüm məsələdir".
R. Həsənov qeyd edib ki, uzun müddətdir gündəmə gətirilməsinə baxmayaraq, görünən odur ki, hökumətin mövqeyi və verdiyi mesajlar hər hansısa güzəştlərə getməkdən ibarət deyil. Yəni, bununla bağlı ciddi güzəştlərin ediləcəyinə dair gözləntilər doğru olmaz.