Azərbaycanda turizmin hansı sahələri inkişaf edib?

Azərbaycanda turizmin hansı sahələri inkişaf edib?
26 Aprel-11:38

Azərbaycan geniş turizm imkanlarına malik ölkələrdən biridir. Təkcə bu ilin yanvar-mart aylarında Azərbaycana 149 ölkədən 246,2 min nəfər turist gəlib.

“Pandemiyadan öncəki illəri də nəzərdən keçirəndə biz son illərdə Azərbaycanda turizmin inkişaf dinamikasını görürük. Burada daha çox şəhər turizmi yaxud MİCE (işgüzar turizm) adlanan turizm inkişaf edib. Bizim turizm fəaliyyətlərimiz daha çox Bakı və ətrafı ərazilərində yerləşən turizm obyektləri ilə səciyyələnə bilər. Son illərdə biz regional turizm ərazilərimizi də - Lənkəran, Şəki, Quba-Qusar və digər şəhər və rayonlarımızı də inkişaf etdirmişik”.

Bu barədə “Margin.az”a açıqlamasında “DAİR” Otellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda bir çox turizm növlərini inkişaf etdirmək imkanları genişdir: “Azərbaycanın təxminən 4%-i milli parkların ərazisidir. Milli parklarda turizm fəaliyyətlərini qurmaq imkanları var və burada ekoturizm fəaliyyətlərini qurmaq olar. Buna icazə var, çünki bu, hər bir milli parkın nizamnaməsində öz əksini tapıb. Ətraf mühitə ziyan vurmamaq, biomüxtəlifliyi mühafizə etmək şərti ilə bu parklardan istifadə etmək olar. Düşünürəm ki, bu sahələrə - ekoturizmə diqqət yetirməliyik. 2019-cu ilin dekabr ayında biz bir sıra mütəxəssislə birləşərək Azərbaycan Ekoturizm Asossasiyasını yaratmışıq. Fikrimiz, Azərbaycanda həm ekoloji mədəniyyətin artırılmaq, həm də ekoturizmin inkişafına dəstək verməkdir”.

“İşğaldan azad edilmiş torpaqlarımız və onların turizm potensiyalını, təbii imkanlarını da nəzərə alsaq, Azərbaycan bu gün ekoturizm imkanlarını inkişaf etdirir. Həmçinin, dünyaya yenidən ekoturizm məkanı kimi tanına bilərik.

Eyni zamanda, burada aqroturizm, yəni kənd təsərrüfatı ilə əlaqəli də turizm fəaliyyətləri var. Hansıları ki, biz dövrlərdə görürük ki, dövlət qurumları da buna dəstək vermək niyyətindədirlər. Qurumlar bununla bağlı bəzi layihələr həyata keçirirlər. Ancaq burada bəzi səhvlər də var. Misal üçün ekoturizmin və kənd turizmi kimi sahələrin normativ bazası olmadan, biz bu sahələrdə hər hansı inkişafa dəstək vermək fikri ilə maliyyə yardımları göstəririk. Məsələn kənd yerlərində evlərin turizmə yararlı olması üçün buna dövlət qurumları dəstək verir. Bu sahədə də bəzi layihələr var. Kənd əhalisinin evlərinin təmir olunması, müvafiq şəraitin yaradılması və s. kimi. Bir neçə vizyonda belə layihələr həyata keçirilir. Lakin əvvəlcə bu sahənin normativ bazasını hazırlayıb, ondan sonra bu yardımların verilməsi daha yaxşı olar”, - o qeyd edib.

Ekspertin sözlərinə görə, turistlər şəhərlərin səs-küyündən, sıxlığından bir qədər uzaqlaşmaq üçün kəndlərə üz tuturlar. Orada, eyni zamanda kənd həyatı yaşayaraq, aqrar təcrübələrə qatıla bilirlər: “Misal üçün biçin və yaxud hansısa məhsulun yığını, fermalarda heyvanların baxımı və s. kimi fəaliyyətlər var. Bu dünya təcrübəsində də olan bir şeydir. Azərbaycanda da, xüsusilə, bu sahəni inkişaf etməsinə şərait var. Bu sahələrin inkişafı üçün biz kənd əhalisinə turizm xidmətlərinin fəaliyyətinin necə olduğunu izah etməliyik. Əks-halda yəni, normativ baza olmadan bu sahə inkişaf edə bilməz. O cümlədən, ekoturizm, daha ciddi qaydaları da ortaya çıxmalıdır. Milli parkların ərazisində fəaliyyətlər onların nizamnaməsində qeyd edilib. Ancaq düşünürəm ki, daha ciddi və daha aydın qərarlar qəbul edilməlidir. Biz bunun üzərində çalışırıq. Bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bərabər bu işi görə biləcəyik. Milli parklarda fəaliyyət göstərəcək turizm şirkətlərinin reqlamentini hazırlamaq niyyətindəyik”.

Azərbaycanda turizm sahəsində kadr hazırlığı ilə bağlı sualına cavabında ekspert bildirib ki, ölkəmizdə turizm sahəsində kadr hazırlığı ilə bağlı hələ də problemlər var: “Artıq uzun müddətdir ki, Azərbaycanda bu sahədə Turizm və Menecment universiteti fəaliyyət göstərir. Burada həm bakalavr, həm də magistr sahəsində təhsil veririk. Lakin turizm sahəsində çalışanlar daha çox peşə təhsili sahəsində təhsil alıblar. Otel xidmətləri, resepşn, o cümlədən mühafizə və müxtəlif inzibati işlər ali təhsil sahəsinə aid edilmir. Düşünürəm ki, peşə təhsili sahəsində islahatlar davam etməlidir. Bu sahəni inkişaf etdirməliyik ki, biz kifayət qədər lazımlı və bacarıqlı kadrlar əldə edə bilək”.

Ekspert bildirib ki, turizm digər iqtisadi sahələr arasında pandemiyadan daha çox təsirlənən bir sahədir. Turizm ümumiyyətlə, iqtisadi və siyasi prosseslərə həssasdır: “Bu sahələrdə hər hansısa dəyişiklik olanda bu, turizmə müsbət və ya mənfi təsirlərini göstərir. Bu qaçınılmazdır, lakin bunları mimimuma endirmək lazımdır. Yaranan situasiyalardan məharətlə istifadə etmək lazımdır. Dövlət tərəfindən turizm siyasəti həyata keçirən qurumlar bu dəyişiklərə çevik reaksiya verməlidirlər. Düşünürəm ki, bununla biz turizmimizi inkişaf etdirə və onu yeni mərhələyə gətirə bilərik”.

O, sonda əlavə edib ki, karantin dövrünün keçməsinə baxmayaraq, bəzi məhdudiyyətlər hələ də qalıb:

“Məsələn maska rejimi və PCR testlərin verilməsi tam ləğv olunmayıb. Dövlətlərarası gediş-gəlişdə bu bir qədər çətinliklər yaradır. Bu məhdudiyyətlərin tam aradan qaldırılması birmənalı olaraq turizmə müsbət təsir göstərəcək”.