Azərbaycanın beynəlxalq sənədlərdə Ermənistanla bağlı irəli sürdüyü qeyd-şərtin məzmunu dəyişib

Azərbaycanın beynəlxalq sənədlərdə Ermənistanla bağlı irəli sürdüyü qeyd-şərtin məzmunu dəyişib
07 Dekabr-17:49

Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə bu gün Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə onlayn iclası keçirilib.

"Margin.az" xəbər verir ki, toplatının gündəliyinə “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Sazişə və “2010-cu il 19 noyabr tarixli “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında Saziş”ə dəyişikliklər edilməsi haqqında” Protokola qoşulmaq barədə və “Əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Sazişin xüsusi rəylə təsdiq edilməsi barədə” qanunun ləğv edilməsi haqqında” qanun layihəsi daxil edilib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, iki komitənin birgə iclasının gündəliyinə çıxarılan məsələ əqli mülkiyyət hüququnun qorunması və mühafizəsi sahəsində əməkdaşlıq üzrə sazişlərin ratifikasiyası ilə əlaqədardır. Sazişlərin spesifikliyindən danışan birinci vitse-spiker diqqətə çatdırıb ki, sənəddə sahə əməkdaşlıq orqanının yaradılması nəzərdə tutulub. Sazişə görə, tərəflər əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şura yaradırlar və Şura öz fəaliyyətini bu sazişin ayrılmaz hissəsi olan müvafiq Əsasnamə əsasında həyata keçirir.