Azərbaycanın neft-qaz sektoruna son 20 ildə 109 mlrd. dollar sərmayə yatırılıb

Azərbaycanın neft-qaz sektoruna son 20 ildə 109 mlrd. dollar sərmayə yatırılıb
20 Sentyabr-13:45

Böyük karbohidrogen ehtiyatlarına malik olan Azərbaycanın neft və qaz sektoru hər zaman xarici investorlar üçün cəlbedici olub. Belə ki, 2000-ci ildən 2020-ci ilə qədər olan dövrdə Azərbaycanın neft-qaz sektoruna 109,5 mlrd. dollar sərmayə qoyulub ki, bunun da 79,5%-i xarici investisiyalardır.

"Margin.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiyanın "Nefteqazovaya vertikal" jurnalına müsahibəsində açıqlayıb.

Onun sözlərinə görə, Azərbaycan ən əlverişli investisiya şərtlərinə malik ölkələrdən biridir: "Hökumət ölkənin investisiya cəlbediciliyini artırmaq üçün daim çalışır. Bu tədbirlər sayəsində Dünya Bankı "Doing Business 2020" hesabatında Azərbaycanı ən qabaqcıl 20 islahatçı ölkə sırasına daxil edib. Qeyd etmək lazımdır ki, Azərbaycan ilə Rusiya prezidentlərinin səyləri sayəsində ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələr durmadan inkişaf edir və bu gün bu səviyyəyə çatıbdır. Bu amil təbii ki, iqtisadiyyatın bütün sahələrində, o cümlədən neft-qaz sektorunda əməkdaşlıq üçün geniş imkanlar açır. Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2014-cü ildə "İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında" saziş imzalanıb ki, bu da öz növbəsində iqtisadiyyatın inkişafına mühüm töhfə verir. Ona görə də Azərbaycan ilə Rusiya arasında qarşılıqlı sərmayə qoyuluşu sahəsində yaxşı bir dinamikanın olması təəccüblü deyil. Bu gün Azərbaycanda Rusiya kapitallı mindən çox şirkət fəaliyyət göstərir. Rusiya şirkətlərinin Azərbaycanın neft-qaz sektoruna sərmayələrinin ümumi həcmi aprelin 1-i 2021-ci il tarixinə 4,9 milyard dollar təşkil edib".