Bakı-Ağstafa marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımalarına başlanılır

Bakı-Ağstafa marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımalarına başlanılır
10 Mart-13:20

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti martın 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutunu Ağstafa stansiyasına qədər uzadaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımalarını həyata keçirəcək.

"Margin.az" "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir ki, biletlər martın 10-dan satışa çıxarılacaq.

Məlumata görə, sərnişinlər Bakıdan Ağstafaya 2020-ci ilin martına qədər fəaliyyət göstərən sərnişin qatarı ilə saata çatdırılırdısa, artıq bu məsafə 4 saat 55 dəqiqəyə qət olunacaq.

Marşrut xəttinin uzadılması Tovuz stansiyasında da fəaliyyətin təmin olunmasına imkan yaradır.

Hərəkət cədvəlinə gəlincə sürətli sərnişin qatarı hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşərək saat 13:40-da mənzil başına çatacaq. Ağstafa-Bakı marşrutu üzrə isə qatar hər gün saat 17:10-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:05-də çatacaq. Sürətli sərnişin qatarının müvafiq marşrut üzrə orta sürəti 100 km/saat təşkil edəcək.

Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün yerlərdə 17 manat, Bakı-Tovuz istiqaməti üçün isə 16 manat təşkil edir. Biletləri Dəmiryol Vağzallarının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.