Bakı və Abşeronda "Kənddən Şəhərə" həftəsonu yarmarkaları təşkil olunacaq

Bakı və Abşeronda
23 Noyabr-18:13

Kənd Təsərrüfatı Nazirliyi noyabrın 26-27-də Bakı şəhəri və Abşeron rayonu ərazisində "Kənddən Şəhərə" həftəsonu yarmarkaları təşkil edəcək.

"Margin.az" nazirliyə istinadən xəbər verir ki, yarmarkaların təşkilində əsas məqsəd fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini yerli, təbii və mövsümi kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Yarmarkalarda məhsullar birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq. Budəfəki "Kənddən Şəhərə" həftəsonu yarmarkalarında ümumilikdə 80-ə yaxın fermer 50-ə yaxın regionu təmsil edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaq "Kənddən şəhərə" həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A