Bakıda kirayə mənzillərin qiyməti bahalaşıbmı?

Bakıda kirayə mənzillərin qiyməti bahalaşıbmı?
08 Sentyabr-16:55

Payız mövsümünün yaxınlaşması, tələbələrin paytaxta təhsil almaq üçün gəlməsi kirayə mənzillərin qiymətinə müəyyən dərəcədə təsir edir.

Bu səbəblə kirayə mənzil qiymətlərində bahalaşma müşahidə edilirmi?

Bununla bağlı "Margin.az"a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ənənəvi olaraq avqust ayının sonundan başlayaraq kirayə mənzil bazarında canlanma baş verir:

"Bu, əsasən bölgələrdən paytaxta təhsil almaq üçün gələn tələbələr sayəsində olur. Belə ki, Bakıya təhsil almaq üçün gələn tələbələrin sayı minlərlədir. Nəzərə almaq lazımdır ki, hər il minlərlə mənzil məhz tələbələr tərəfindən kirayələnir".

Onun sözlərinə görə, ilbəil kirayə mənzillərin qiymətində artımlar müşahidə edilir: "Bu, daha çox köhnə mənzillərin pilot layihələr üzrə sökülməsi ilə əlaqədardır. Çünki köhnə binalar sökülən zaman həmin binalardakı kirayə mənzillər artıq istifadəyə yararsız olur. Digər tərəfdən burada yaşayan şəxslər özləri də uzun müddət kirayədə qalmağa məcbur olurlar.

Artıq kirayə mənzil bazarında ötən illərə nisbətən ucuz kirayəlik mənzillərin sayı xeyli azdır. Həm köhnə binaların, həmçinin şəhərin müəyyən ərazilərindəki fərdi yaşayış evlərinin, xüsusilə Yasamal və Nərimanov rayonları ərazisindəki 1-2 mərtəbəli yaşayış mənzillərinin sökülməsi artıq ucuz kirayə mənzillərin bazardan çıxmasına səbəb olub".

Ekspert hesab edir ki, yaxın gələcəkdə - 10 il ərzində əgər söküntü işləri belə sürətlə davam edərsə, paytaxt ərazisində ucuz kirayəlik mənzil tapmaq müşkül məsələ olacaq.