Artıq Novruz bayramına bir neçə gün qalıb. Əhali bayram süfrəsini hazırlamaq üçün indidən alış-verişə başlayıb. Qiymətlərdə isə cüzi artım müşahidə edilir. İllik müqayisədə ərzaq qiymətləri bütün dünyada bahalaşıb. Qlobal iqtisadi sferada olduğu kimi, Azərbaycanda da qiymətlərdə artım var. Bu xərclər bayramqabağı xüsusilə hiss edilir.
Bəs bir ailənin bu il bayram xərci təxminən nə qədər olacaq?
"Margin.az"ın mövzu ilə bağlı araşdırmasına görə, marketlərdə və qəssabxanalarda ətin qiyməti sümüklü və sümüksüz olmasına görə dəyişir. Belə ki, sümüksüz dana əti 15-16 manat, sümüklü dana əti 13-14, qoyun əti isə 16-18 manatdan başlayır. Toyuq əti 5-10, orta ölçülü balığın qiyməti isə 5-20 manat arası dəyişir.
Digər məshullardan ən çox xərc tələb edən çərəzlərdir. Belə ki, bayram şirniyyatlarını hazırlamaq üçün lazım olan əsas məhsullardan olan qoz və fındığın qiyməti 14 manatdan 20 manata qədərdir.
Bayramın ən əsas yeməklərindən biri olan plov üçün lazım olan məhsullardan kərə yağı (4 manatdan başlayaraq), duru yağlar (5 manatdan başlayraq) və düyünün (3-10 manat) qiymətində də illik müqayisədə bahalaşma hiss edilir.
Meyvə-tərəvəzin qiyməti 1 manatdan 3-4 manata qədərdir. İçkilərin qiyməti isə 1-5 manat aralığındadır. Konfet və şokaladların da qiyməti növünə görə 8-9 manatdan başlayır.
Beləliklə, orta statistik 4-5 nəfərdən ibarət ailənin normal bayram süfrəsi açması üçün təqribən 200 manata yaxın pul lazımdır. Ötən il bu məbləğ təxminən 150 manata yaxın idi, bu il isə qiymət artımını nəzərə alsaq, bu xərc 180-200 manata çatacaq. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisi bayrama qədər 4 çərşənbə də qeyd edir. Bu zaman xərclər daha da artır.