Bayramda otellərdə qiymətlər bahalaşacaqmı?

Bayramda otellərdə qiymətlər bahalaşacaqmı?
14 Mart-14:35

"Novruz bayramı günləri üçün regionlarda yerləşən istirahət mərkəzləri yenidən yüksək qiymətlər təklif etməyə başlayıblar".

"Margin.az" xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov açıqlayıb.

İqtisadçının sözlərinə görə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) qiymət monitorinqləri göstərir ki, bayram günlərində hotellərdə qiymətlər adi günlər ilə müqayisədə orta hesabla 3 dəfə baha olacaq:

"Regionlarda turizmin inkişafı vacibdir və bu, valyutanın ölkədə qalması baxımdan prioritetdir. Amma turizm xidmətlərinin və eləcə də hotel qiymətlərinin əlçatan olması da olduqca əhəmiyyətlidir. Yüksək qiymətlər bayram günlərində turizmin əlçatanlığını kəskin azaldır".

V. Bayramov turizmdə qiymətlərin yüksək olmasının əsas səbəblərini də açıqlayıb: "Bir, iki və ya ulduzsuz hotellərin sayının az və bu sahədə rəqabətin zəif olması qiymətlərin yüksək olmasının başlıca səbəbidir. Bu baxımdan, çox ulduzlu hotellərlə bərabər, bir və iki ulduzlu otellərin tikilməsi olduqca vacibdir. Belə hotellərin qiyməti daha aşağı olur və daha çox turistlər cəlb edir.

Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5-ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər. Buna görə də, az ulduzlu hotellərin inşaatının sürətləndirilməsi bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu, sahibkarların stimullaşdırılması baxımdan vacibdir. Bütövlükdə, bu sahədə qiymətlərin optimallaşdırılması üçün rəqabətin daha da gücləndirilməsi önəmlidir".