Daha 100 təcili tibbi yardım avtomobili alınacaq

Daha 100 təcili tibbi yardım avtomobili alınacaq
26 Sentyabr-12:25

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrini 2020-ci ildə 184, 2021-ci ildə 65 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edib.

"Margin.az" agentliyə istinadən xəbər verir ki, bu il isə daha 100 avtomobilin alınması nəzərdə tutulur.

Məlumata görə, mövcud avtomobillərdən 15-i perinatal təyinatlıdır və yenidoğulmuşlara ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün tibbi avadanlıq və küvəz aparatları ilə təchiz olunublar. Hazırda istifadədə olan avtomobillərin tibbi avadanlıqla təchizatının yaxşılaşdırılması istiqamətində də davamlı işlər həyata keçirilir.

Bildirilib ki, 2022-ci ilin ilk 7 ayı ərzində icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri 896 184 təcili və təxirəsalınmaz tibbi yardım çağırışı qəbul edib. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bu xidmətin göstərilməsində 513 briqada iştirak edib.

Agentlik qeyd edib ki, təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 12-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır. Təcili və təxirəsalınmaz tibbi yardım həkimlərinin aylıq vəzifə (tarif) maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilir. 468+468+250=1186 manat.