Dünyada gübrənin bahalaşması Azərbaycana necə təsir edir?

Dünyada gübrənin bahalaşması Azərbaycana necə təsir edir?
06 Oktyabr-15:50

Qlobal gübrə bazarında qiymət artımı Rusiya-Ukrayna münaqişəsinin mənfi nəticələrindən biri olmaqla qlobal ərzaq təhlükəsizliyi üçün risklərin artmasına şərait yaradır.

Bütün dünyaya təsir edən qiymətlərin bahalaşması Azərbaycana necə təsir edir?

Bununla bağlı iqtisadçı Cəfər İbrahimli "Margin.az"a açıqlama verib.

Onu sözlərinə görə, biz gübrəni əsasən Rusiyadan idxal edirik (xüsusilə də ammonium nitrat və amofoz gübrələri): "Son 2 illə müqayisədə gübrə qiymətləri təxminən 70-80% yüksəlib. İstehsal və maya dəyərinin artdığı üçün bütün dünyada gübrə qiymətlərində artım müşahidə edilir. Amma bizdə yerli istehsal olan karbamid gübrəsi də var. Bu gübrə bir az əvəzedici kimi istifadə edilə bilir. Avropanın Rusiyadan gübrə idxalına sanksiya tətbiq etməməsinə baxmayaraq, satış çox azdır. Yəni ki, Rusiyanın Avropaya gübrə satmaq niyyəti yoxdur".

İqtisadçı bildirib ki, Azərbaycana satışla bağlı isə bir problem yoxdur: "Rusiyadan kifayət qədər gübrə idxal edə bilərik. Sadəcə olaraq qiymət əsas problem olaraq qalıb. Bu, qiymətlə gübrə almaq və onun istifadəsi çətinlik yaradır. Qısa müddətdə də bunun həlli və qiymətlərin aşağı enəcəyi də gözlənilmir".

Əlavə edək ki, bu ilin 8 ayında (yanvar-avqust) Azərbaycan 52 min 902 ton gübrə idxal edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır. Hesabat dövründə ölkədən 242 min 933 ton isə azot gübrəsi ixrac edilib.