"Mərkəzi Bankın notlarının alış və satışına hüquqi şəxslərin də çıxışının təmin edilməsi şirkətlərin vəsaitlərini daha düzgün saxlamasına imkan yaradıb".
Bunu "Margin.az"a iqtisadçı İntiqam Səfərəliyev bildirib.
Ekspertin sözlərinə görə, Mərkəzi Bank notlarının hüquqi şəxslərə 9.5% gəlir qazandırıb: "Manatın emitenti olan Mərkəzi Bank eyni zamanda nominal dəyəri 10 000 manat olan notların da emissiyasını həyata keçirir. Manata və notlara maliyyə aktivi qismində yanaşdıqda notların manatdan bir neçə fərqi var. İlk olaraq qeyd etmək lazımdır ki, manatı banklar vasitəsilə almaq və satmaq mümkündür, notları investisiya şirkətləri vasitəsilə almaq və satmaq mümkündür. Manat müddət ərzində şirkətlərə heç bir gəlir yaratmır. Notlarda vəsaitin saxlanılması isə hüquqi şəxslərə illik 8-9.5% gəlir qazandırır. Notların tez-tez alınıb satılmasından aylıq 2-3% gəlir əldə etmək mümkündür. Notların müddəti var və həmin müddətin son tarixində Mərkəzi Bank hər bir not üçün 10 000 manatı not sahibinin hesabına köçürür.
Əlavə edək ki, Mərkəzi Bank hər həftə 120 milyon manatlıq notları hərrac yolu ilə satır. 18 may 2023-cü ildə keçirilmiş hərrada 9 aylıq notlar ən ucuz qiyməti 9 377 manat olmaqla satılıb".
İqtisadçı İntiqam Səfərəliyev bu notlar haqda bildirib ki, Mərkəzi Bankın qiymətli kağızını almış hüquqi şəxslər onları növbəti gündən etibarən bir saat ərzində ən azı 9 400-10 000 manat aralığında bir qiymətə sata bilərlər: "Mərkəzi Bankın notları ən likvid maliyyə alətidir. Şirkətlər qısamüddətli boş vəsaitlərindən qazanc məqsədilə məhz notlar vasitəsilə gəlir əldə bilirlər. Notları 9 ay investisiya hesabında saxladıqdan sonra Mərkəzi Bank 25.01.2024 tarixində hər bir not üçün 10 000 manatı investorun bank hesabına birbaşa ödəyir. Beləliklə, investor hər bir not üzrə 9 ay ərzində 623 manat qazanmış olacaq. 623 manat investisiya edilmiş 9377 manata nisbətdə 9.5% illik qazanc deməkdir".
İntiqam Səfərəliyev vurğulayıb ki, şirkətlər üçün cari hesablarda olan qalıqlarını manatda saxlamaq heç bir gəlir gətirmədiyi halda, investisiya hesabında notda saxlamaqla illik əlavə 9.5% qazanmaq daha faydalıdır. "Notlar vasitəsilə ən azı şirkətlər öz bizneslərindən gəlir əldə edərkən nəğd vəsaitlərini də inflyasiyadan qoruyacaqlar. Burada risk amili sual yaradan nüans kimim ortaya çıxa bilər. Lakin burada fikir qətidir. Hər iki maliyyə alətinin emitenti Mərkəzi Bank olduğu üçün notların riski manatın riskilə bərabərdir".
Ekspert son olaraq qeyd edib ki, 5 gündən artıq istifadəsiz vəsaiti olan şirkətlər və şəxslər risksiz qazancları əldə edə bilmək üçün mütləq investisiya şirkətləri ilə bu imkanları araşdırmalıdırlar.