Gedişhaqqının artırılması əhalinin nəqliyyat xərclərinə necə təsir edəcək?

Gedişhaqqının artırılması əhalinin nəqliyyat xərclərinə necə təsir edəcək?
01 Fevral-13:36

Tarif Şurasının dünən - yanvarın 31-də keçirilmiş iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Belə ki, aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,4-1 manat təsdiq edilib. Eyni zamanada, xüsusilə qeyd edilib ki, tariflərə məhz daşıyıcı şirkətlərin müraciətləri əsasında baxılıb. Yəni bu, dövlətin deyil, bu sahədə fəaliyyət göstərən şirkətlərin təklifidir. Azərbaycanda sərnişindaşıma xidmətinin tarifləri ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında qüvvəyə minib.

Bəs bu, əhalinin nəqliyyat xərclərinə necə təsir edəcək? Gedişhaqqı niyə artırıldı? Bu qərar gözlənilən idimi? 

"Margin.az" bu suallarla bağlı iqtisadçı-ekspertlərin fikrini öyrənib. 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, dövlət ictimai nəqliyyatda fəaliyyət göstərən özəl daşıyıcı şirkətlərin müraciətlərini nəzərə alaraq bu qiymət dəyişiklinə gedib: "Bu gündən etibarən ictimai nəqliyyatda işləyən özəl daşıyıcı şirkətlər də onların qarşısına qoyulan tələblərə əməl etməli və öhdəlikləri yerinə yetirməlidirlər. Sərnişindaşımada xidmət səviyyəsinin yüksəldilməsi, keyfiyyətli avtobusların xəttə buraxılması, azaldılan avtobus sayının yenidən artırılması kimi tələblərə əməl etməlidirlər". 

Ekpert qeyd edib ki, belə tez bir zamanda ictimai nəqliyyatda keyfiyyətin yüksəldiləcəyindən əmin deyiləm: "Buna ən azı 3 ay vaxt lazımdır. Əgər 3 aydan sonra da vəziyyət eyni - bərbad qalarsa, keyfiyyəti yüksəldə bilməyən özəl daşıyıcı şirkətlər sərnişindaşımadan uzaqlaşdırılmalıdırlar". 

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, ictimai nəqliyyatın qiymətinin qaldırılması əhalinin nəqliyyat xərclərini artıracaq: "Düşünürəm ki, insanların büdcəsindən təxminən 5-10 manat artımların ödənilməsinə yönələcək. Fərdi nəqliyyat vasitəsi olmayan əhalinin böyük hissəsi ictimai nəqliyyatdan istifadə edir. Bu baxımdan, qərar əhaliyə neqativ təsir göstərəcək.

X. Kərimli bildirib ki, artımla bağlı verilən qərar gözlənilən idi: "Hətta deyərdim ki, bu, gecikmiş qərardır. Hökumət sosial neqativ effekti nəzərə alaraq qərarı mümkün qədər ləngidib. Son tarif dəyişməsi 2018-ci ildə olub. Bu da uzun bir müddətdir. Nəzərə almaq lazımdır ki, bu müddətdə ictimai nəqliyyatı təşkil edən strukturların xərcləri də kəskin artıb. Bu zaman dizel yanacağının qiyməti artıb ki, bu da ictimai nəqliyyatın xərclərində mühüm rol oynayır. Həmçinin sürtkü yağlarının, benzinin, nəqliyyatın hissələrinin, yeni avtobusların da qiyməti artıb.

Bu dövrdə ictimai nəqliyyatda işləyən şəxslərin əməkhaqqısı da artıb və bundan sonra da artmaldır. Pandemiya dövrü ilə əlaqədar dövr ərzində insanların ictimai nəqliyyatdan istifadə tezliyi də azalıb. Bu da ictimai nəqliyyata ciddi mənfi təsir göstərib". 

İqtisadçı vurğulayıb ki, dizel yanacağının qiymətinin artmasından sonra özəl sektorun nümayəndələri dəfələrlə hökümətə müraciət ediblər: "Dövlət sektorunda xərc artarsa bunu büdcədən tənzimləmək mümkündür ancaq özəl sektorda belə deyil. Sahibkarlarlar da ziyana işləyəndə yeni avtobuslar almır, avtobus parklarını yeniləmir, avtobusları təmir etmir, sürücünün maaşını vermirlər. Zamanla bu tariflərə yenidən baxılacaq. Düşünürəm ki, bu 33%-lik artım qeyd etdiyim xərcləri müəyyən qədər kompensasiya edəcək". 

Əlavə edək ki, 5 günlük iş rejimi olan müəssisədə işləyən və gündə 4 dəfə nəqliyyatdan istifadə edən bir vətəndaşın gündəlik xərci əvvəl 1 manat 20 qəpik idisə, artıq bu xərc 1 manat 60 qəpik olacaq. Beləliklə, ayda 22 gün işləyən bir vətəndaş nəqliyyata 26 manat 40 qəpik xərc çəkirdisə, yeni tarifdən sonra bu məbləğ 35 manat 20 qəpik olacaq. Bu, o deməkdir ki, gündəlik 2 nəqliyyatdan istifadə edən bir vətandaşın aylıq nəqliyyat xərci 8 manat 80 qəpik artacaq.