İnam Kərimov: "Adambaşına düşən əkin sahələri bütün regionlarda 17% azalıb"

İnam Kərimov:
06 May-17:38

"2015-2020-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalında 22,3% artıma nail olmuşuq. Rəqəmsal və innovativ yanaşmalar bu uğurun əsasını təşkil edir".

"Margin.az" xəbər verir ki, bu barədə “Gələcəyə baxış: rəqəmsal kənd təsərrüfatına keçid” adlı konfransda çıxış edərkən Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir bildirib ki, investisiyaların əsas hissəsi rəqəmsal və ağıllı kənd təsərrüfatının transformasiyasına gedir: "Hökumət həmçinin, öz siyasətini rəqəmsal kənd təsərrüfatı transformasiyasının əsas və təminedici şərtlərinə cavab vermək üçün uyğunlaşdırır. Fermerlərin rəqəmsal bacarıqları və savadlılığının inkişafı bizim üçün prioritet olaraq qalır və gündəlik işimizin ayrılmaz hissəsidir.

İstifadəyə verilmiş Rəqəmsal Xidmət Sistemi şəbəkəsi məlumatlara əsaslanan qərar qəbul etmə və proqnozlaşdırma siyasətini asanlaşdırır. Bizim inkişaf siyasətimiz həm də şəhər və kənd yerlərində rəqəmsal fərqi azaltmağa yönəlmişdir. Hazırda qarşıdakı illər üçün əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, onların dəyər zəncirlərinə inteqrasiyasıdır. Yaşıl Enerji Zonaları kimi elan edilən bu ərazilərdə kənd təsərrüfatı əsas iqtisadi gücdür. Bu ərazilərin inkişafı da ağıllı şəhərlər və ağıllı kəndlər konsepsiyasına əsaslanır. Bundan əlavə, bu ərazilər üçün kənd təsərrüfatının inkişafı siyasəti iqlimə uyğun ağıllı texnologiyalardan istifadəyə əsaslanacaq.

İqlim dəyişikliyi altında məhdud və azalan təbii ehtiyatlardan istifadə edərək, 2050-ci ilə qədər təxminən 10 milyard əhalini qida ilə təmin etmək hamımız üçün əsl sınaqdır. 2019-cu illə müqayisədə 2020-ci ildə qlobal kənd təsərrüfatı torpaqlarının sahəsi 3% azalıb. Əhalinin artması ilə 2000-2019-cu illərdə adambaşına düşən əkin sahələri bütün regionlarda 17% azalıb. Azalma tendensiyasına baxmayaraq, bu illərdə ümumi ilkin məhsul istehsalı 53 faiz artıb".