"Bakı Fond Birjası" (BFB) QSC-də martın 28-i İpoteka və Kredit Zəmanəti Fondunun 30 milyon manatlıq, 20 il tədavül müddətli faizli, təmin edilmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Margin.az" Birjaya istinadən xəbər verir ki, hərraca nominal dəyəri 1 000 manatdan 30 min istiqraz çıxarılacaq.
Məlumata görə, istiqrazlara illik 3,25% gəlirlilik vəd olunur. Faizlər 6 aydan bir ödəniləcək.
Hərracda sifarişlər BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-a qədər toplanılacaq. Tələb təklifdən çox olsa, sifarişlər mütənasib qaydada təmin ediləcək.
Əlavə edək ki, yerləşdirmə üzrə anderrayter "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.