İran şirkətləri Qarabağda fəaliyyətə başlayır

İran şirkətləri Qarabağda fəaliyyətə başlayır
28 Yanvar-17:30

Azərbaycanın azad olunmuş torpaqlarında İran şirkətləri yaxın zamanlarda konkret layihələrlə işə başlayacaqlar.

"Margin.az" XİN-ə istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yanvarın 28-də telefon danışığı zamanı müzakirə ediblər.

Tərəflər, o cümlədən birgə layihələrin həyata keçirilməsini, Astaraçay üzərində təməli qoyulmuş yeni körpünün, eləcə də İran Astarasında dəmir yolu yük terminalının tikintisinin 2022-ci ildə tamamlanmasının hədəflənməsinin ikitərəfli əlaqələrin inkişafına müsbət təsir edəcəyini qeyd ediblər.

Son həftə ərzində İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin Azərbaycana səfərinin nəticələri və əldə olunmuş razılıqlar, habelə Azərbaycan müdafiə naziri Zakir Həsənovun İrana səfəri və bu çərçivədə keçirilmiş görüşlər iki ölkə arasındakı əlaqələrin inkişafının bariz göstəricisi kimi vurğulanıb.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının bu ilin mart ayında Bakıda keçirilməsinin planlaşdırıldığı bildirilib.