“Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq

“Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq
23 İyun-10:24

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 25-26 iyun tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.

“Margin.az” nazirliyə istinadən xəbər verir ki, yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək.

Yarmarkaların təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

“Kənddən Şəhərə” həftəsonu yarmarkalarında ümumilikdə 100-ə yaxın fermer 50-ə yaxın regionu təmsil edəcək. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət olunacaq.

Əlavə edək ki, “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında fermerlər tamamilə ödənişsiz şəkildə iştirak edirlər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunurlar.

“Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A