"Əvvəlcə qeyd etmək istəyirəm ki, işəgötürənlə işçilər arasında yarana əmək münasibətləri zamanı işçinin əsas hüquqlarından biri Əmək Məcəlləsinin 9-cu maddəsinin "d" bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Lakin işəgötürən tərəfindən işciyə ödənilməli olan əmək haqqı bəzi hallarda gecikdirilə bilər, hansı ki bunun əvəzi olaraq həmin məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir".
Bunu "Margin.az"ın işçilərin əməkhaqqısının gecikməsinə görə kompensasiya ala biləcəklərinə dair yeni qərarın qəbulu və bu qərarın işçilərə əlavə hansı hüquqlar verməsi ilə bağlı sualına şərhində hüquqşünas Seymur Yusifli deyib.
Hüquqşünas bildirib ki, maddənin məzmunundan görünür ki, əməkhaqqının gecikdirilməsinə dair məsələ fərdi əmək mübahisəsi yaratmayıbsa, həmin faiz kompensasiya edilir. Burada "fərdi əmək mübahisəsi yaratmayıbsa" ifadəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair 11 aprel 2023-cü il tarixli plenum qərarında aydınlıq gətirib. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olub ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş "hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir" müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir".
Əlavə edək ki, Konstitusiya Məhkəməsi işçiyə fərdi əmək mübahisəsi zamanı belə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi halı ilə bağlı qərar qəbul edib.