Mərkəzi Bank uçot dərəcəsini artırıb

Mərkəzi Bank uçot dərəcəsini artırıb
17 Sentyabr-17:55

Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə yüksəldilməsi barədə qərar qəbul edib.

"Margin.az" xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, uçot dərəcəsinə dair qərar qlobal iqtisadiyyatda güclənən inflyasiya proseslərinin, xüsusilə ərzaq və xammal qiymətlərinin, nəqliyyat və logistika xərclərinin artımının milli iqtisadiyyata ötürülməsi prosesinin güclənməsi, həmçinin ertələnmiş daxili tələbin yüksəlməsi fonunda təklifin geri qalması, tənzimlənən qiymət və tariflərin liberallaşdırılması proseslərinin təsiri nəzərə alınmaqla qısa və ortamüddətli inflyasiya amillərinin proqnozu əsasında qəbul edilmişdir.

Qeyd olunan amillər qiymətlər sabitliyinin risklər balansında inflyasiya amillərinin rolunu gücləndirməklə monetar - fiskal siyasətin neytrallaşdırıcı təsirini zəiflədir.

Proqnoz horizontunda inflyasiyanın hədəfdən kənarlaşmasının qarşısının alınması pul siyasətinin fasilə götürülmə mərhələsindən çıxışını şərtləndirir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın faktiki və proqnoz göstəricilərinin dəyişimi, risk balansında dəyişikliklər, habelə iqtisadiyyatın cari vəziyyəti və onun ortamüddətli dövrdə inkişaf perspektivləri nəzərə alınmaqla qəbul ediləcəkdir.