Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,75%-dən 8%-ə yüksəldilməsi barədə qərar qəbul edib. Qərarda faiz dəhlizinin aşağı həddi 5%, yuxarı həddi isə 9,25% müəyyən olunub.
Bəs bu qərar ölkədə kreditlərin bahalaşmasına səbəb ola bilərmi?
Bununla bağlı iqtisadçı Cəbrayıl Vəliyev "Margin.az"a bildirib ki, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 0.25 faiz bəndi ilə artırmaqla 8%-ə yüksəltməsi inflyasiya ilə mübarizə çərçivəsində dəyərləndirilə bilər:
"Bu dəyişiklik kommersiya banklarının kredit faizlərinə az da olsa, təsir göstərə bilər. Yəni, bəzi kommersiya banklarında kredit faizlərinin elə həmin bənd qədər artırılması mümkündür".
İqtisadçı bildirib ki, lakin faiz dəhlizinin yuxarı həddi eyni səviyyəsində - 9,25% saxlanıldığı üçün kommersiya banklarının bəzilərinin onsuz da yüksək faizli kreditlərin faizlərində dəyişikliyə getməmələri də mümkündür:
"Ancaq faiz dəhlizinin aşağı həddinin 1% artırılaraq 5%-ə çatdırılması xüsusilə biznes subyektləri üçün aşağı dərəcəli kredit faizlərində artıma səbəb ola bilər. Bundan əlavə qərar həmçinin, iqtisadi aktivliyə də müəyyən dərəcədə mənfi təsir göstərə bilər".