Müharibə veteranlarının müavinəti nə qədər artırıla bilər?

Müharibə veteranlarının müavinəti nə qədər artırıla bilər?
22 İyun-14:30

Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü kimi 80 manat ödənilir. Veteranların bu hüququ müharibə veteranı vəsiqəsi verildiyi tarixdən etibarən qüvvədə olur.

Bəs veteranların müavinətləri artırıla bilərmi? Belə ki, Milli Məclisin deputatı Fəzail Ağamalı müharibə veteranlarının müavinətinin 202 manat səviyyəsində verilməsi təklif edib.

Bu mövzuda iqtisadçı Xalid Kərimli “Margin.az”a açıqlama verib.

“Dövlət Büdcəsinin hələ də yarıdan çoxu neft sektoru ilə bağlıdır. Büdcənin əhəmiyyətli hissəsi (45-46%) Dövlət Neft Fondunun transfertlərindən asılıdır. Azərbaycan hazırkı cari və sosial-yönümlü xərclərini sosial Fondun transfertləri olmasa, ödəyə bilməyəcək”.

Onun sözlərinə görə, sosial öhdəlik yaradan xərcləri büdcəyə və cəmiyyətə zərəri olmaması üçün ehtiyatla artırmaq lazımdır:

“Çalışmaq lazımdır ki, buna hökümətin imkanları çərçivəsində nail olunsun. Lakin bu tip sosial xərclərin büdcənin vergi ilə təmin edilə bilmədiyi bir məqamda böyük həcmdə artırılması doğru deyil. Sosial xərclərin əsaslandırılmamış kəskin artımı dayanıqlı büdcə üçün ciddi problemlər yarada bilər. Pensiyaların, müavinətlərin kəskin artırılması inflyasiyanı daha da artıra bilər, bu, həm neft qiymətləri ucuzlaşan zaman büdcə öhdəliklərinin icrasında problem yarada, həm də manatın devalivasiyasına səbəb ola bilər. Bu zaman iqtisadiyyat üçün gərgin vəziyyət yaranacaq və hamı yoxsullaşacaq. Hesab edirəm ki, pensiya, müavinət və təqaüdləri yavaş-yavaş artırmaq daha məqsədəuyğundur”.

İqtisadçı bildirib ki, proqnoza görə, müharibə veteranlarının müavinətləri təxminən inflyasiyaya uyğun 10-15% artırıla bilər.

Xalid Kərimli, həmçinin qeyd edib ki, bu qərarlar hökumətin müxtəlif strukturları, o cümlədən, qanunvericilik hakimiyyətinin üzlərinin birgə verə biləcəyi bir qərardır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov da bildirib ki, müharibə veteranlarının müavinətlərinin artırılması qanunvericiliklə müəyyən edilir.