Nazir: “Qlobal neft tələbi 8,8 mln. barel azalıb”

Nazir: “Qlobal neft tələbi 8,8 mln. barel azalıb”
20 Sentyabr-13:16

COVID-19 pandemiyası səbəbilə qlobal tələbin və neft qiymətlərinin aşağı düşməsi Azərbaycan da daxil olmaqla bütün neft və qaz istehsal edən ölkələrin yanacaq-enerji kompleksinə mənfi təsir göstərib.

"Margin.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiyanın "Nefteqazovaya vertikal" jurnalına müsahibəsində açıqlayıb.

Onun sözlərinə görə, karbohidrogenlərə olan tələb azaldıqca, xam neftin qiyməti kəskin ucuzlaşıb və neft şirkətləri yeni şəraitə uyğunlaşmaq üçün müxtəlif tədbirlər görməyə başlayıblar: “Beynəlxalq enerji təşkilatlarının məlumatına görə, ötən il qlobal neft tələbi 2019-cu illə müqayisədə gündəlik təxminən 8,8 milyon barel, dünya neft tədarükü isə gündəlik 6,6 milyon barel azalıb. Bundan əlavə, ötən il qlobal təbii qaza olan tələb təxminən 75 milyard kubmetr azalıb”.

Nazir COVID-19 pandemiyasının Azərbaycan yanacaq-enerji kompleksinə təsiri ilə bağlı suala da cavab verib: “Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin ölkədir və bu resurslar ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Bu səbəbdən, bu qaynaqları səmərəli idarə etmək, bu sahədə baş verən hər hansı bir dəyişikliyi izləmək və vaxtında cavablandırmaq vacibdir”.