"OPEC+"un qərarı neft qiymətlərini daha da bahalaşdıra bilərmi?

06 Oktyabr-14:57

"OPEC+" Monitorinq Komitəsi oktyabrın 5-də gündəlik neft hasilatını 2 milyon barel azaltmaq barədə qərara gəldilər. Qərardan sonra neft qiymətlərə yüksəlməyə başlayıb. Belə ki, bu gün bazarlarda "Brent" markalı neftin qiyməti 93 ABŞ dollarını ötüb.

Bəs bu qərar neft qiymətlərini daha da bahalaşdıra bilərmi?

Bununla bağlı  Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban "Margin.az"a bildirib ki, OPEC+ formatında neft hasil və ixrac edən aparıcı dünya ölkələrinin oktyabrın 5-də qəbul etdikləri qərar bazar iştirakçıları tərəfindən müəyyən qədər təəccüblə qarşılandı: "Çünki hesab edilirdi ki, OPEC+ un hasilatı azaldacağı ilə bağlı qərar qəbul ediləcək. Amma bunun 500 minlə 1 milyon barel arasında olacağı gözlənilirdi. Reallıq isə bundan dəfələrlə yüksək oldu.

Məsələn, 1 ay bundan əvvəl OPEC+ çərçivəsində hasilatın 100 min barel azaldılması ilə bağlı qərar qəbul edilmişdi. İndi isə gündəlik həcm bundan 20 dəfə çox azaldılacaq".

Ekspertin sözlərinə görə, dünya bazarlarında da qiymətlər bu səbəblə artmağa başladı: "Bu, gün qiymətlər 95 dollara qədər yüksəliş nümayiş etdirdi. Bunu bazar iştirakçılarının emosiyası kimi qiymətləndirmək olar. Sonrakı dövrlərdə hesab edirəm ki, qiymətlər bir qədər korreksiya edilib yenidən 90 dollar civarında bərqərar olacaq. Ancaq bu da kifayət qədər bahalı qiymətdir. Ancaq ilin əvvəlin əvvəlindən Brent markalı neftin qiyməti 100 dollar ətrafında ticarət edilir".

İ. Şaban hesab edir ki, bu, "OPEC+" ölkələri üçün hər hansısa bir təşviş doğuran qiymət deyil: "Sadəcə gələcəkdə dünya iqtisadiyyatının tənəzzülü, enerjiyə olan tələbatın azalması və bununla bağlı radikal hazırlıq görüb neft qiymətlərinin hətta 80 dollardan aşağı düşməməsi ilə bağlı ehtimallar da istehlakçılar üçün ağır zərbədir. Çünki OPEC üçün ədalətli qiymət 2016-cı ilin dekabrından bəri 55-60 dollar arasında idi".