Pirallahı rayonunda Mübariz İbrahimov küçəsi təmir olunub

Təmir işlərinin aparıldığı ərazinin sahəsi 12 min kv.m təşkil edib.
Pirallahı rayonunda Mübariz İbrahimov küçəsi təmir olunub
03 Avqust-17:05

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Pirallahı rayonunda 2 km uzunluğa malik Mübariz İbrahimov küçəsi təmir olunub.

"Margin.az" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, aparılan təmir-tikinti işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçə profilə salınaraq, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Təmir işlərinin sonuncu mərhələsi üzrə üfiqi nişanlama xətlərinin çəkiliş işləri tamamlanaraq küçə yeni görkəmdə vətəndaşların istifadəsinə verilib. İşlər agentliyin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılıb.

Xatırladaq ki, agentlik tərəfindən cari ildə Pirallahı rayonunda uzunluğu 2.9 km olan Süleyman Bağırov və uzunluğu 1.1 km təşkil edən Gənclik küçələrində də təmir işləri aparılıb.

Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.