Qlobal metal qiymətləri ilə bağlı proqnozlar endirildi

Qlobal metal qiymətləri ilə bağlı proqnozlar endirildi
16 Sentyabr-15:40

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi iqtisadi artım gözləntilərinin dəyişməsi və tələb-təklif dinamikası ilə əlaqədar dünya üzrə metalların qiymətləri ilə bağlı proqnozunu endirib.

"Margin.az" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, agentlik qızılın qiyməti ilə bağlı proqnozunu isə dəyişməyib. Qurum London Metal Birjasında misin bir tonun qiymətinin bu il 8,7 min dollar (əvvəlki proqnoz 9,5 min dollar), gələn il isə 8 min dollar (əvvəlki proqnoz 8,5 min dollar) olacağını proqnozlaşdırır. Eyni zamanda, "Fitch" 2024-2025-ci illər üçün metalın bir tonunun qiyməti ilə bağlı proqnozunu 7,5 min dollar səviyyəsində saxlayıb.

Agentlik misin qiyməti üzrə proqnozun aşağı salınmasını qlobal iqtisadi artımın yavaşlaması və təklif perspektivləri ilə müqayisədə qısa müddətdə zəif tələbin gözlənilməsi ilə əlaqələndirib ki, bu da 2023-cü ildə kiçik profisitə səbəb ola bilər.

Agentliyin proqnozlarına görə, alüminiumun bir tonunun qiyməti bu il 2,7 min dollara, 2023-cü ildə isə 2,5 min dollara enəcək. Agentlik həmçinin 2024-2025-ci illər üçün proqnozu müvafiq olaraq 2,5 min dollar və 2 min dollar səviyyəsində saxlayıb.

Bildirilib ki, Çin tikinti bazarının zəifliyi ilə əlaqədar alüminiuma tələbatın azalması qısa müddətdə qiymətlərə təsir göstərəcək. Bununla belə, enerji qiymətlərinin artması bir çox bazarlarda istehsalın gəlirsiz olmasına səbəb ola bilər ki, bu da qiymətlərin daha da aşağı düşməsinə mane ola bilər.