"Rosselxoznadzor" iki pendir istehsalçısı ilə bağlı AQTA-ya müraciət edib

13 Oktyabr-10:55

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi arasında videokonfrans formatında danışıqlar aparılıb.

“Margin.az” "Rosselxoznadzor"a istinadən xəbər verir ki, müraciət Azərbaycandan Rusiyaya pendir ixrac etmək istəyən iki şirkət barədədir. "Rosselxoznadzor"un mütəxəssisləri həmin şirkətlərin Polşa və Litvaya məxsus pendir brendlərinin adı altında məhsul istehsal etməsindən, həmin pendirləri öz məhsulları kimi təqdim etməsindən şübhələnir. "Rosselxoznadzor" Rusiya bazarına ixrac edilən bu müəssisələrin istehsal həcmi və növləri haqqında da məlumat istəyib.

Azərbaycan tərəfi isə lazımi tədbirlərin görüləcəyini bildirib, yoxlama üçün Rusiyalı mütəxəssisləri ölkəyə dəvət edib. "Rosselxoznadzor" ölkələr arasında tədarükün şəffaflığının təmin edilməsinə kömək edəcəyini vurğulayıb.