Rusiya-Ukrana müharibəsi başlayan zaman Ukraynadan Azərbaycana çox sayda Azərbaycan əsilli biznes adamları, eyni zamanda Ukraynadakı münaqişədən maksimum uzaq olmağa çalışan yerli vətəndaşlar gəlmişdi. Bununla Azərbaycanın əmlak bazarında canlanma müşahidə edilirdi. Hazırda Rusiyada da ölkə Prezidenti Vladimir Putin qismən səfərbərlik elan etməsi səbəbilə eyni vəziyyət yaranıb. Buna etiraz olaraq Rusiya vətəndaşlarının böyük bir qismi ölkəni tərk edir, Avropaya və MDB dövlətlərinə, xüsusilə vizasız ölkələrə üz tuturlar.
Rusiyadan ölkə vətəndaşlarının, eyni zamanda Azərbaycan əsilli biznes adamlarının ölkəmizə axını Azərbaycanda əmlak qiymətlərini bu dəfə də bahalaşdıracaqmı?
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bununla bağlı "Margin.az"a bildirib ki, hazırda Rusiyadan Azərbaycana gələn müraciətlər (həm azərbaycanlılar, həm də Rusiya vətəndaşları) daha çox kirayə mənzillərlə bağlıdır: "Çünki gələnlərin böyük əksəriyyəti müvəqqəti xarakterli, yəni müharibə bitəndən sonra geri dönəcəklərini düşünərək gələnlərdir.
Bu, kirayə mənzil qiymətlərinə təsirini göstərir. Bakıda da qiymətlər ucuz deyil. Ucuz kirayəlik mənzillərin böyük əksəriyyəti də tələbələr və digər şəhər sakinlərinə kirayə verildiyi üçün əlçatan deyil. Amma paytaxtda xeyli sayda yeni tikili binalardakı bahalı kirayəlik mənzillər də var ki, gələnlərin çoxu həmin bahalı mənzillərə müraciət edirlər. Bu da təbii ki, bahalı kirayəlik mənzillərdə canlanma yaradır".
Ekspertin sözlərinə görə, satış bazarında hələ ki, yenilik yoxdur: "Yəni, Rusiyadan gələnlər kütləvi alqı-satqı etmirlər. Ancaq düşünürəm ki, zamanla bu prosses uzanarsa, onlar Azərbaycanda qalmaq niyyətində olarlarsa, satış bazarına da müraciət edəcəklər. Ümumi bahalaşma isə dünyada baş verən prosseslər, tikinti materiallarının qiymətinin bahalaşması səbəbi ilə artmaqda davam edir. Demək olar ki, hər ay cüzi qiymətlərlə də olsa, mənzillərin qiymətləri artır. Artımlar həm yeni, həm də köhnə tikili binalarda baş verir".