Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın ailəsi dünyanın ən zəngin ailəsidir.
"Margin.az" "The Times" nəşrinə istinadən xəbər verir ki, onların sərvətinin əsasını enerji ticarətindən əldə edilən gəlirlər, eləcə də müxtəlif şirkətlərə və daşınmaz əmlak bazarlarına sərmayə qoyuluşu kimi faydalı investisiya siyasəti təşkil edir.
Məlumata görə, Əl Nəhya ailəsinin sərvəti təxminən 300 milyard dollardır.
Ailə maliyyədən tutmuş robototexnikaya qədər müxtəlif sahələrdə 27 mindən çox işçisi olan "Royal Group"un sahibidir. Onlar eyni zamanda, İngiltərənin "Mançester Siti" futbol klubunda, İlon Maskın "SpaceX" şirkətində və Rihannanın "Savage x Fenty" moda evində pay sahibidirlər.
Reytinqin ikinci pilləsində sərvəti 224.5 milyard dollar dəyərində qiymətləndirilən "Walmart" mağazalar şəbəkəsinin sahibləri amerikalı Uolton ailəsi qərarlaşıb. İlk beşliyə həmçinin eyniadlı şirniyyat şirkətinin təsisçiləri Mars ailəsi (160 milyard dollar), "Koch Industries" sənaye konqlomeratını idarə edən Koç ailəsi (128.8 milyard dollar) və Səudiyyə Ərəbistanının kral ailəsi (105 milyard dollar) daxildir.