Türkiyədə baş verən dəhşətli zəlzələ bütün dünya mətbuatının gündəmindədir. Fəlakət daha çox bina evlərində yaşayanlara təsir edib. Belə ki, zəlzələ zonasında 6 minə yaxın bina dağılıb. Zəlzələ bir mövzunu da gündəmə gətirib. İnsanlar artıq binaların keyfiyyətini müzakirə etməyə, həyət evlərinin, yəni 1 və ya 2 mərtəbəli tikililərin isə daha təhlükəsiz olduğunu düşünməyə başlayıblar.
Bu fəlakət Azərbaycanda həyət evlərinin qiymətini bahalaşdıra bilərmi? İnsanlar daha çox həyət evlərinə üz tuta bilərlərmi? Azərbaycanda tikililər zəlzələyə davamlıdırmı?
Bu suallarla bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Margin.az"a bildirib ki, Türkiyədə baş verən zəlzələ çox böyük fəlakətlə nəticələndi: "Çox böyük insan itkisi və maddi itkilər baş verdi. Dünənki statistikaya görə, 6 mindən çox bina uçaraq dağılıb. Zəlzələ təbii fəlakətdir. Videoları yaxından izləyən biri kimi deyə bilərəm ki, Türkiyənin tikinti sektoru Azərbaycandakından çox aşağıdır. Tikintilərin keyfiyyətinin aşağı olması səbəbilə bu qədər itki baş verdi. Binaların beton işləmləri, armaturları çox zəif - yox səviyyəsində idi.
Amma Azərbaycandakı çoxmərtəbəli yeni tikililər çox keyfiyyətlidir. Binalarda istifadə olunan beton arakəsmələr, armaturlar onu deməyə əsas verir ki, bu binalar hətta 8-9 ballı zəlzələlərə də dözümlü və davamlıdır. Bu sahənin neqativlərindən danışan biri kimi deyə bilərəm ki, bizim tikililər keyfiyyətlidir".
Ekspertin sözlərinə görə, bizdə çoxmənzilli binanın tikintisi inşaat layihəsinə uyğun aparılır. Hər mərtəbənin tikintisi zamanı aidiyyəti qurumlar analizlər aparır, betonun, sementin keyfiyyətindən əmin olduqdan sonra tikintiyə icazə verirlər: "Ümumən görünən odur ki, burada daha çox hündürmərtəbəli binalar zərər çəkib. Daha çox itki də bu binalarda olub. Əgər həyət evləri olardısa, zəlzələ zamanı insanlar çölə çıxıb özlərini qoruya bilərdilər. Ancaq hündürmərtəbəli binalarda bu, belə deyil.
Belə bir amil də var ki, binaların sıxlığı ilə əlaqədar bir binanın uçması digər binanın da uçmasına gətirib çıxarır. Azərbaycanda da binaların sıx tikildiyi ərazilər az deyil".
E. Fərzəliyev qeyd edib ki, bu, Azərbaycanla yanaşı digər qonşu ölkələrin də daşınmaz əmlak bazarında sakitliyə gətirib çıxaracaq: "Bir müddət insanlar hündürmərtəbəli binalardan əmlak almağa maraqlı olmayacaqlar. Azərbaycanda zəlzələyə davam gətirə bilməyəcək köhnə tikili binalar da var. Onların bir xeylisi artıq qəzalı kimi qeydə alınıb. Bakı və Abşeronda ümumən 11 minə yaxın istismar müddətini bitirmiş bina var.
2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı Sərəncamı ilə bu binaların söküntüsünə başlanılıb. Bu cür halların olmaması üçün həmin binalarda söküntüyə qədər bərkidilmə, təmir işləri görülməlidir. Çünki elə binalar var ki, zəlzələ deyil, hətta yüngül partlayışda da çökə bilər".
Ekspert bildirib ki, 2022-ci ildə əmlakların böyük bir hissəsi kredit üsulu ilə satılıb: "Bunun üçün də əmlakın çıxarışı olmalıdır. Bakıda və Abşeronda 500 minə qədər çıxarışı olmayan həyət evləri var. Bunlar da heç bir halda ipoteka ilə satıla bilmir. Həyət evlərinin satış qiymətləri normal olaraq hər ilin aprel-may aylarından artmağa başlayır, sentyabr ayından növbəti ilə qədər enmələr olur. Bu, az da olsa həyət evlərinə təsir edəcək. Növbəti ev almaq istəyən şəxslər fərdi həyət evlərinə müraciət edəcək. Baş verən zəlzələ Bakı ilə yanaşı digər şəhərlərdə də hündürmərtəbəli və köhnə binalardakı süni qiymət artımının qarşısını alacaq. Qiymətlərin enmə ehtimalı var".
Əlavə edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı baş verən zəlzələ qonşu ölkənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ nəticəsində ölənlərin sayı 6 234 nəfərə çatıb, 37 011 nəfər yaralanıb.