Türkiyənin toxumçuluq şirkəti Qarabağa 1000 ton dənli bitki toxumları göndərib

Türkiyənin toxumçuluq şirkəti Qarabağa 1000 ton dənli bitki toxumları göndərib
23 Oktyabr-18:05

Tekirdağda fəaliyyət göstərən "Ekmen Tarım" Ermənistanın işğalından azad edilmiş rayonlarda əkilməsi üçün 1000 ton buğda, arpa, yulaf və yem noxud toxumlarını Azərbaycana ixrac edib.

"Margin.az" "TRT Haber"ə istinadən xəbər verir ki, qablaşdırılmış 600 ton buğda, 300 ton arpa, 50 ton yulaf və 50 ton yemlik noxud toxumu qatarla Azərbaycana göndərilib.

Şirkət sahibi İrfan Ekmen bu il ən böyük ixracatını Azərbaycana etdiklərini bildirib: "Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün geniş inkişaf layihələrinə başlamışdır. Azərbaycanda yaradılan “ağıllı kənd” layihəsi çərçivəsində ümumilikdə 28-ə yaxın konteyner toxum ixrac etdik. Ölkəmizin iqtisadiyyatına 600-700 min dollar civarında fayda verdik. Bununla çox qürur duyuram. Qarabağda ilk cücərəcək toxumlar Türkiyə və Trakya toxumlarıdır. Bu, bizi çox qürurlandırır. Qarabağin uğuru bizim ölkənin uğuru kimi idi. Düşündük ki, türk toxumları bütün dünyada və Azərbaycanda da yaxşı qəbul edilməlidir”.