Yumurtanın qiyməti niyə bahalaşır?

Yumurtanın qiyməti niyə bahalaşır?
22 Noyabr-12:50

Ölkənin mağazalarında yumurtanın qiymətində bahalaşma müşahidə edilir. Kənd yumurtasının 1 ədədi 40-45 qəpiyə, broyler yumurtası isə 18-20 qəpiyə satılır. Kənd yumurtası istehsalçıları qiymətlərin bahalaşmasının əsas səbəbi kimi yemin qiymətinin bahalaşmasını göstərirlər. Digər səbəb isə havaların soyumasıdır. Belə ki, istehsalçıların sözlərinə görə, havalar soyuduqca kənd toyuqlarının məhsuldarlığı aşağı düşür. 

İqtisadçı Natiq Cəfərli bahalaşma səbəbləri ilə bağlı "Margin.az"a bildirib ki, ölkədə fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının yem bazası, dərmanlar, vaksinlər çox vaxt xaricdən gətirilir. Onların dəyəri artıb deyə, bu, maya dəyərinə də təsir göstərir: "Kənd əhalisi də kənd yumurtasının qiymətini artırıb. Bu da başadüşüləndir. Çünki ölkədə hər şeyin qiyməti artırsa, yumurta istehsalçıları da qazanclarını artırmağı düşünürlər".

İqtisadçı hesab edir ki, əgər bol istehsal və rəqabət mühiti olsa idi, həmin rəqabət qiymətləri aşağı salardı: "İndi istehsal azalır və digər sahələrdə qiymətlər artır, buna görə də, digər sahələrdə artan qiymətləri kompensasiya etmək üçün yumurta istehsalçıları qiyməti qaldırmağa məcbur olurlar".

Əlavə edək ki, Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında 1658,6 milyon ədəd yumurta istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6,7% çoxdur.