Zəngəzur dəhlizi niyə önəmlidir?

Regionda sülhü və yeni ticarət xəritəsini formalaşdıran Zəngəzur dəhlizi bütün ölkələrə siyasi və iqtisadi baxımdan faydalıdır.
Zəngəzur dəhlizi niyə önəmlidir?
13 Oktyabr-20:40

Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonra regionda həm siyasi, həm də iqtisadi reallıqlar müəyyən deformasiyaya məruz qaldı. Xüsusilə Avropa və Asiya arasında körpü coğrafiyasına çevrilmək ölkəmiz üçün daha məsuliyyətli və perpektiv oldu. Azərbaycanın şərq-qərb beynəlxalq bazarına çıxışını isə regional kommunikasiya xətləri təmin edir. Xüsusilə regionun gözü olacaq Zəngəzur bölgəsi post münaqişə dövründə ən aktual məsələ halına gəlib. Bəs Zəngəzur dəhlizini bu qədər əhəmiyyətli edən amillər nələrdir?

Zəngəzur dəhlizi ümumilikdə region ölkələrinə fərqli formada müəyyən siyasi və iqtisadi təsirlər etmə potensialına malikdir. Azərbaycan üçün bu dəhlizin həm siyasi, həm də iqtisadi təsirlərini belə quruplaşdıra bilərik:

•  Naxçıvanla birbaşa quru yol ilə əlaqə tam təmin edilir.

•  Hava yolu ilə Naxçıvanla kommunikasiya dövlət büdcəsinə əlavə milyonlarla dollara başa gəlirdi. Quru yolun açılması nəqliyyat və kommunikasiya xərclərini milyonlarla dollar azaldacaq.

•  Naxçıvanın iqtisadi potensialı sərhədyanı ölkə kimi daha çox səmərəli istifadə edilə bilinəcək.

• Azərbaycanın beynəlxalq nəqliyyat kommunikasiya yollarının diversifikasiyası baş tutacaq və bu baş verəcək mümkün təhlükə, eləcə də risklərə qarşı ehtiyat görmə qabiliyyətini artıracaq.

• Türkiyə ilə ticarət əlaqələri daha çox inkişaf edəcək.

• Azərbaycan məhsullarının şərq – qərb bazarına çıxışı tam təmin ediləcək.

Azərbaycanla yanaşı Zəngəzur dəhlizi Türkiyə, Rusiya, Ermənistanın, eləcə də digər region ölkələrinə sərfəlidir. Məsələn, Rusiyadan Azərbaycana daşınan yüklərin böyük hissəsi dəmiryolu ilə şimaldan daşınır. Planlaşdırılan marşrut işə düşdükdə Rusiyadan gələn yüklər kəsinti olmadan Ermənistana, İrana və Türkiyəyə dəmiryolu ilə gedə biləcək. Ermənistan blokada da olan bir ölkədir. Bu razılaşma baş tutarsa, Ermənistan regionda həmçinin tranzit ölkəyə də çevrilmə potensialına yiyələnə bilər. Türkiyə üçün burada iqtisadi baxımdan iki üstünlük var.

•   Marşurutlar diversifikasiya olunur.

•   Azərbaycanla Naxçıvan vasitəsilə birbaşa əlaqə qurmaq.

İstənilən ölkə üçün marşrutun diversifikasiyası çox vacibdir. Çünki sabah elə bir vəziyyət yarana bilər ki, marşrutun biri istifadə oluna bilməz. Detallı izah etsək, Türkiyənin Orta Asiyaya çıxması, Rusiyaya dəniz və dəmiryolu vasitəsiylə iki marşrutun olması üstünlükdür. Həmçinin Trabzon limanı xəritədə göründüyü kimi Zəngəzur dəhlizi vasitəsilə daşınan yüklərin müəyyən yeni bazarlara çatdırılmasında əvəzsiz rola malik olacağını göstərir.

Zəngəzur dəhlizinin tam olaraq qurulması şərqdən qərbə birbaşa yeni ticarət xəritəsində bu ərazini ən vacib strateji yol edir. İranın bu dəhlizə qarşı olması, siyasi təhdidləri də məhz regionda formalaşan yeni ticari qaydalardan kənar qalma qorxusu ilə əlaqəlidir.