Azərbaycan və Gürcüstan dəmir yolları arasında əməkdaşlığa dair sənəd imzalanıb

azerbaycan-ve-gurcustan-demir-yollari-arasinda-emekdasliga-dair-sened-imzalanib
11:01 - 07 May

"Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) “Gürcüstan Dəmir yolları” SC-nin Baş direktoru David Peradzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

"Margin.az" "ADY"ə istinadən xəbər verir ki, görüşdə Cəmiyyətin sədri Cavid Qurbanov ölkələrimiz arasında dəmir yolu sahəsində mövcud əməkdaşlıq əlaqələrinin perspektivindən danışıb. O, qeyd edib ki, nəqliyyat sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi hər zaman dövlət tərəfindən diqqətdə saxlanılır və bu məqsədlə Azərbaycan bütün əhəmiyyətli beynəlxalq layihələrin reallaşdırılmasında fəal iştirak edir.

Cografi üstünlüklər logistika, tranzit imkanlarını daha da genişləndirir və Azərbaycan önəmli beynəlxalq nəqliyyat qovşağına çevrilib. Cəmiyyət sədri dəmir yolu sahəsində həyata keçirilən islahatlardan danışıb, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tranzit daşımalarda əhəmiyyətini vurğulayıb. O, bildirib ki, “Şimal-Cənub” və "Cənub-Qərb" dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu kimi layihələrin fəaliyyətinin gücləndirilməsində məqsəd iştirakçı ölkələrin tranzit potensialının artırılmasıdır.

D.Peradze əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün imkanlardan söhbət açıb. Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının qlobal səciyyə daşıdığını bildirən qonaq bu layihənin regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa böyük töhfə olduğunu diqqətə çatdırıb.

Görüşdə bu marşrutun gələcəkdə inkişaf istiqamətləri, Azərbaycan və Gürcüstan ərazisindən keçən marşrutlara əlavə yüklərin cəlb olunması məqsədilə görülən işlər barədə məlumat verilib. Qarşılıqlı maraq kəsb edən məsələlər, TransXəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsində əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb.

Sonra hər iki ölkənin dəmir yolları rəhbərləri arasında ikitərəfli əməkdaşlığa dair protokol imzalanıb.