Azərbaycanda ənənəvi, intensiv və superintensiv tipli meyvə bağlarına dair tələblər müəyyənləşib

azerbaycanda-enenevi-intensiv-ve-superintensiv-tipli-meyve-baglarina-dair-telebler-mueyyenlesib
15:14 - 20 Noyabr

Azərbaycanda ənənəvi, intensiv və superintensiv tipli meyvə bağlarına dair tələblər müəyyənləşib.

Margin xəbər verir ki,  Dövlət Statistika Komitəsinin Kollegiyası bununla bağlı "Məhsul yığımı, payızlıqların səpini və dondurma şumuna dair 7-kt №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında" qərarına bununla bağlı anlayışları əlavə edib.

Beləliklə, ənənəvi (ekstensiv) tipli meyvə bağı dedikdə, insanlar tərəfindən sınaqdan çıxarılmış və nəsildən-nəsilə ötürülmüş ənənəvi texnologiyaların tətbiqi ilə bağların becərilməsi və məhsul istehsalı başa düşülür.

Belə meyvə bağları bir qayda olaraq, uca boylu meyvə bitkilərindən salınmaqla hər bitkiyə verilən qida sahəsi geniş, forması isə əsasən kürəşəkilli, irihəcmli təbii çətirli olur. Bu tip bağlarda meyvə ağaclarının hündürlüyü 5-6 metr və daha çox, bir qayda olaraq ağaclararası məsafə 3,0-6,0 metr, cərgəarası məsafə isə 5,2-7,0 metr intervalında olur. Bu tip meyvə bağlarında hər ağacın məhsuldarlığı ən yüksək məhsul ilində 120-150 sent/ha təşkil edir. Belə bağların bara düşməsi üçün 7-8 il tələb olunur, ağacların köklənməsi 25-35 ildən sonra həyata keçirilir.

İntensiv tipli meyvə bağlarında ağacların boyu calaqaltının tipindən asılı olaraq 3-4 metr olmaqla, ağaclararası məsafə 2-6 metr, cərgəarası məsafə 4-7 metr təşkil edir. Bu bağlar ucaboylu calaqaltılarda 5-7 yaşında, ortaboylu calaqaltılarda isə 3-4 yaşında məhsula düşür və ağacların istismar müddəti 20-25 il təşkil edir. Bu müddətdən sonra bağların əmtəəlik məhsuldarlığı aşağı düşdüyündən onlar köklənərək ləğv edilir və bağ növbələşməsi əsasında yeni bağlar salınır.

Superintensiv tipli meyvə bağları ehram formalı, ensiz çətirə malik ağaclardan salınır. Burada əsəsən sıxlaşdırılmış xətvari tipli əkin sxemlərindən istifadə olunur. Ağacların boyu 3-4 metr, bir qayda olaraq ağaclararası məsafə 1,1-3,3 metr, cərgəarası məsafə isə 2,0-5,45 metr intervalında olur. Belə bağlarda ağaclar iki-üç ildən sonra məhsul verir, yüksək məhsuldarlıq dövrü 12-15 il ərzində saxlanılır.

İntensiv və superintensiv meyvə bağları müasir suvarma sistemi (damcıvari və (və ya) süni yağışyağdırma) ilə təmin olunur.

Ənənəvi, intensiv və superintensiv üsulla salınmış çoxillik əkmələrin 1 hektarına düşən ağacların növlər üzrə sayına dair məlumat əlavədə verilib: