Azərbaycanda pensiyaların orta məbləği nə qədər artıb

azerbaycanda-pensiyalarin-orta-meblegi-ne-qeder-artib
13:40 - 31 Mart

Bu ilin yanvarın 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda 1228,8 min (2020-ci il yanvarın 1-i vəziyyətinə 1270,6 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,3 faizini təşkil edir.

"Margin.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata əsasən, onların 58,3 faizi yaşa, 30,4 faizi əlilliyə, 11,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artaraq 302,2 manat təşkil etmiş və orta aylıq əmək haqqının 42,7 faizinə bərabər olub.

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 fevral tarixli 2491 nömrəli Sərəncamı ilə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Bələ ki, 2021-ci ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 100,2 min nəfər (2020-ci il yanvarın 1-i vəziyyətinə 82,4 min), əlilliyə görə - 182,5 min (müvafiq olaraq 180,5 min) nəfər, ailə başçısını itirməyə görə - 49,2 min (47,0 min) nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 52,7 (63,0 min) min nəfər, digər müavinətləri alanların sayı isə 27,2 ( 28,3 min) min nəfər olub.