Azərbaycanın əmək bazarı koronavirus dövründə: İqtisadi fəal insanların sayı artıb, işsizlər çoxalıb

azerbaycanin-emek-bazari-koronavirus-dovrunde-iqtisadi-feal-insanlarin-sayi-artib-issizler-coxalib
12:41 - 05 Aprel

Azərbaycanın əmək bazarı dünyanın bir sıra aparıcı ölkələrində olduğu kimi “Covid 19” pandemiyasının yaratdığı böhran dövründə həm leqal, həm də qeyri-leqal iş yerlərinin bağlanması ilə yadda qalıb.

Əmək bazarında son 1 ildə iqtisadi fəal əhalinin sayı 70,8 min nəfər artıb. “Margin.az”ın araşdırmasına əsasən 2020-ci ilin martın 1-nə Azərbaycanda rəsmi işsizlik səviyyəsi 4,8% olub. Həmin dövrdən ölkədə qapanmalar nəticəsində xidmət sektoru öz fəaliyyətini minimuma endirib. Bu halda isə qeyri-leqal işləyənlər işdən çıxarılıb, leqal işləyənlər isə hökumətin yardımı və əməkhaqqının minimuma endirilməsi ilə fəaliyyətlərini davam etdiriblər. Lakin bir sıra işlərdə müqaviləyə xitam verilmə halları rast gəlinib. Həmçinin müqavilənin bitməsi halında işdən çıxma hallarında artım qeydə alınıb.

2021-ci ilin martın 1-nə Azərbaycanda rəsmi işsizlik səviyəsi 7% həcmindədir. Bu isə həm artan iqtisadi fəal əhalinin sayı, eləcə də işləyənlərin sayındakı azalma hesabına baş verib.

“Margin.az”ın araşdırmasına əsasən ölkədə son 1 ildə işsizliyin 2,2% artmasında işləyənlərin işdən çıxarılması və ya müqavilə müddətinin bitməsi halı 40% təşkil edir. Digər qismi isə iqtisadi fəal əhalinin artımı ilə əsaslanır. Hazırda ölkədə 370,5 min nəfər iqtisadi fəal insan işsizdir.

Xatırladaq ki, ötən il koronavirus ilə mübarizə dövründə əhalinin yaşayışının təmin edilməsi məqsədilə Azərbaycanda işsizlərlə yanaşı qeyri-formal çalışan və xüsusi karantin rejimi dövründə müvəqqəti olaraq qazancını itirmiş şəxslər, vaxtamuzd çalışanlar, habelə iqtisadi qeyri-fəal əhaliyə 2020-ci il ərizində 4 dəfə 190 manat həcmində ödəmələr edilib. Bu da toplam olaraq 450 mln. manat vəsait deməkdir.