Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcmi artıb

baki-tbilisi-qars-demir-yolu-xetti-ile-dasinan-yuklerin-hecmi-artib
13:25 - 10 Aprel

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ) vasitəsilə 2020-ci ilin birinci rübündə təxminən 78 min ton yük daşınıb. Bu ilin ilk rübündə isə 2 min 468 vaqonla 154 min 836 ton yük daşınıb".

"Margin.az" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu açıqlayıb.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcmi 155 min tona çatıb. COVID-19 pandemiyası fonunda ticarətin davamlılığını təmin etmək üçün dəmir yolu nəqliyyatının daha təsirli olduğunu bildirən Karaismailoğlu, bu ilin ilk rübündə daxili və beynəlxalq dəmir yolu nəqliyyatının keçən dövrlə müqayisədə 30% artdığını vurğulayıb.

Bundan əlavə, ötən il Avropa istiqamətində dəmir yolu yükdaşımalarında 2019-cu ilə görə 25% artım müşahidə edilib və bu il də eyni sürətlə artmağa davam edir. Karaismailoğlu bildirib ki, Bolqarıstan, Rumıniya, Serbiya, Macarıstan, Polşa, Avstriya, Slovakiya, Çexiya, Fransa və Almaniyanın gündən-günə artan tələbini qarşılamaq üçün mövcud qatar xidmətləri artırılıb.